EN

Vətəndaşın hüquqları pozulanda Avropa İnsan Hüquqları Məhkəməsinə necə müraciət edə bilər?

“Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmək üçün müəyyən qaydalar və mərhələlər var”.

Bu barədə vəkil Esmira Rzayeva NOCOMMENT.az -a açıqlamasında deyib.

Onun sözlərinə görə, məhkəmə yalnız insan hüquqlarının və əsas azadlıqların qorunması haqqında Avropa Konvensiyası və onun protokollarında göstərilən hüquqların pozulması ilə bağlı şikayətləri qəbul edir.

“AİHM-ə müraciət etməzdən əvvəl siz mövcud bütün məhkəmə instansiyalarından keçməlisiniz (məsələn, apellyasiya və kassasiya məhkəmələri).

AİHM müraciətləri yalnız rəsmi ərizə formasında qəbul edir.

Formada bu məlumatlar mütləq göstərilməlidir:

Ərizəçinin şəxsi məlumatları (ad, ünvan, əlaqə vasitələri)

Cavabdeh dövlət (məsələn, Azərbaycan Respublikası);

Pozulduğu iddia edilən Konvensiya maddələri;

Faktlar: hadisənin tarixi, yeri, baş vermə şəraiti;

Daxili məhkəmə qərarlarının siyahısı və surətləri;

Ərizəçinin tələbi (məhkəmədən nə istənilir).

Formaya aşağıdakı sənədlərin surətləri əlavə olunmalıdır:

Məhkəmə qərarlarının surətləri;

Şikayəti sübut edən digər materiallar (şahid ifadələri, məktublar və s.);

Əlavələr orijinal dilində təqdim edilir;

Məhkəmə lazım gələrsə tərcümə tələb edə bilər.

Hazır forma və əlavə sənədlər poçtla bu ünvana göndərilməlidir:

The Registrar
European Court of Human Rights
Council of Europe
F-67075 Strasbourg Cedex
FRANCE

Müraciət elektron və ya e-mail ilə qəbul edilmir.

Diqqət yetirilməli məqamlar

Ərizə tam doldurulmazsa, qəbul edilmir.

Anonim və ya eyni məsələ üzrə daha əvvəl baxılmış şikayətlər rədd edilir.

Ərizəniz qəbul edilsə, Məhkəmə sizə rəsmi bildiriş göndərəcək”.

O qeyd edib ki, Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv olub və həmin ilin 15 aprelində Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib, bununla Azərbaycan Konvensiyanın bütün maddələrini rəsmi olaraq qəbul edib:

“Azərbaycan AİHM-in qərarlarını tanımağa və icra etməyə razılaşıb.

AİHM qərarlarının icrası iki səviyyədə tənzimlənir.

Beynəlxalq səviyyədə – Qərarların yerinə yetirilməsinə Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Azərbaycan hökuməti Nazirlər Komitəsinə icra hesabatı təqdim etməlidir.

Daxili səviyyədə – Ədliyyə Nazirliyi qərarların icrasını əlaqələndirir, kompensasiyanın ödənilməsini təmin edir”.

“Ali Məhkəmə AİHM qərarlarına əsasən daxili məhkəmə təcrübəsini dəyişə bilər. Milli Məclis lazım gələrsə, qanunvericiliyə düzəlişlər edir. Əgər AİHM qərarında Azərbaycan vətəndaşının hüququnun pozulduğu tanınırsa dövlət maddi və mənəvi təzminatı (adətən avro ilə) ödəməlidir. Ödəniş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilir”, – vəkil bildirib.

Chosen
49
nocomment.az

1Sources