EN

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı Azərbaycan elminin yeni dövrə qədəm qoyduğunu göstərir ŞƏRH

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 3-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley tədbiri elmin ölkənin inkişafında oynadığı rolun daha bir təsdiqi oldu. Tədbirdə dövlətimizin başçısının səsləndirdiyi fikirlər həm elmin tarixi inkişaf yoluna, həm də gələcək istiqamətlərə dair strateji baxışı əks etdirirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirib.

Onun sözlərinə görə, AMEA 80 il ərzində Azərbaycan elminin əsas dayağına çevrilib, ölkənin intellektual simasının formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyev dövründən etibarən elmin inkişafı dövlət siyasətinin prioritet istiqaməti olub, gənc alimlərin yetişdirilməsinə xüsusi diqqət ayrılıb. Akademiyanın keçdiyi uzun yoldan danışan Prezident İlham Əliyev, həmçinin ölkənin müstəqillik dövründə keçdiyi mürəkkəb, lakin şərəfli illərdən də bəhs etdi, 1990-cı illərin çətinliklərinə baxmayaraq, Azərbaycanın bu gün tam suveren, iqtisadi cəhətdən güclü və müasir dövlətə çevrildiyini, bu prosesdə elmin və təhsilin mühüm rol oynadığını vurğuladı.

“Dövlətimizin başçısının çıxışında ölkələrin gücünün təbii sərvətlərlə deyil, elmi-texnoloji yeniliklər və insan kapitalı ilə ölçüldüyü qeyd olunaraq, “süni intellekt”, “rəqəmsallaşma” və “kibertəhlükəsizlik” kimi istiqamətlərin gələcək inkişaf üçün əsas prioritetlər olduğu bildirildi. Elmi fəaliyyətin nəzəri səviyyədə qalmaması, onun sənaye, iqtisadiyyat və sosial həyatla sıx əlaqələndirilməsi vacib amil kimi göstərildi. Elmin və texnologiyanın milli prioritet kimi dəyərləndirilməsi, gənc alimlərə çağırış və müasir yeniliklərə uyğun adaptasiya – Prezidentin çıxışının əsas mesajını təşkil edirdi. Bu, Azərbaycan elminin yeni dövrə - praktiki nəticəyə yönələn, texnologiya ilə inteqrasiya olunan və dövlət inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilən bir dövrə qədəm qoyduğunu göstərir”, - deyə Jalə Əliyeva əlavə edib.

Deputat diqqətə çatdırıb ki, məhz bu prioritetlərə görə dövlətimizin başçısı alimlərə müraciət edərək, elmin nüfuzunun qorumasının, gənc nəsildə elmə marağın artırılmasının, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, Akademiyanın qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycan elminin dünya elm məkanında mövqeyini gücləndirməkdir.

“AMEA-nın fəaliyyətinə dövlət tərəfindən verilən dəstək də davamlı xarakter daşıyır. Son illərdə Akademiyaya ayrılan maliyyə vəsaitləri əhəmiyyətli dərəcədə artırılıb, yeni tədqiqat mərkəzləri, kitabxanalar və laboratoriyalar istifadəyə verilib. Prezident bu siyasətin gələcəkdə də davam etdiriləcəyini bəyan etdi”, - deyən J.Əliyeva, həmçinin vurğulayıb ki, Azərbaycan iqtisadiyyatında artıq qeyri-neft sektoru aparıcı mövqedədir və elmi yeniliklər bu sahənin inkişafına ciddi töhfə verir. Xarici borcun azlığı, dayanıqlı iqtisadi artım və texnoloji müstəqillik kimi göstəricilər elmin dövlət siyasətindəki strateji əhəmiyyətini bir daha sübut edir.

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxundu. Dövlətimizin başçısı bu ərazilərdə həyata keçirilən layihələrin, o cümlədən bərpaolunan enerji mənbələrinin yaradılması, ekoloji monitorinqlər, geoloji kəşfiyyat və kənd təsərrüfatı potensialının öyrənilməsinin birbaşa elmi tədqiqatların nəticələrinə əsasən həyata keçirilməli olduğunu vurğuladı. Ümumilikdə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan dövləti üçün elm yalnız bilik mənbəyi deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və müasir dövlətçilik dayağıdır. Bu çıxış həm keçmişin nailiyyətlərinə dərin hörmətin ifadəsidir, həm də gələcəyə yönəlmiş strateji proqram xarakteri daşıyır”.

Chosen
3
3
azertag.az

4Sources