EN

"Bu gün dünya ciddi ekoloji təhlükələrlə üz-üzədir" - MÖVQE BİLDİRİLDİ

“Bu gün dünya ciddi ekoloji təhlükələrlə üz-üzədir. İqlim dəyişiklikləri, müharibələr, hərbi təlimlər və sınaqlar, təbii fəlakətlər, meşə yanğınları və daşqınlar ətraf mühitə ciddi zərər vurur. Artıq bəşəriyyət bu problemlərlə üz-üzə dayanıb və vəziyyətə laqeyd yanaşmaq mümkün deyil. Bu səbəbdən də dünya dövlətləri iqlim dəyişikliklərinin qarşısının alınması, ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində birgə fəaliyyət göstərməyə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri də məhz bu məqsədlərə xidmət edir: “İqlim dəyişikliyinin yaratdığı fəsadlar, canlı aləmin təhlükə altına düşməsi, insanların sağlamlığının zərər görməsi, bütün bunlar artıq dünyanın prioritet problemlərindən birinə çevrilib. Son illərdə baş verən epidemiyalar, yoluxucu xəstəliklər, hava və suyun keyfiyyətinin pisləşməsi bu balansın pozulmasının nəticəsidir.

Xəzər dənizinin suyunun çəkilməsi, çay və göllərin quruması, meşələrin azalması təkcə təbiət üçün yox, insanların gündəlik həyatı üçün də ciddi təhlükədir. Əgər bu prosesin qarşısı alınmasa, yaxın gələcəkdə qida təhlükəsizliyi, su çatışmazlığı, xəstəliklərin artması kimi daha böyük problemlərlə üzləşə bilərik.

COP29 zamanı dövlətlər bir araya gələrək bu problemləri müzakirə edir, həll yolları axtarırlar. Prezident İlham Əliyevin bu sahədə göstərdiyi təşəbbüslər və liderlik mövqeyi Azərbaycanın ekoloji problemlərin həllində fəal iştirakını göstərir. Təkcə çağırışlarla kifayətlənmək deyil, real tədbirlərin həyata keçirilməsi tələb olunur. Bu tədbir Azərbaycanın təşəbbüsü olmaqla yanaşı, həm də onun ətraf mühitə verdiyi dəyərin göstəricisidir. Belə qlobal tədbirlər təkcə müzakirə mühiti yox, həm də konkret fəaliyyət planlarının qəbul edilməsi üçün vacib platformalardır. İqlim dəyişikliyinə səbəb olan amillərin – atmosferə buraxılan zərərli qazların, meşələrin qırılmasının, su ehtiyatlarının tükənməsinin qarşısı alınmalıdır. Təbii sərvətlərə qarşı münasibət dəyişməlidir.

Əks halda, gələcək nəsillər daha çətin və təhlükəli bir dünyada yaşamaq məcburiyyətində qalacaq. Bu səbəbdən, yalnız çağırışlarla kifayətlənmək yox, əməli tədbirlərin görülməsi, qəbul edilən qərarların icrasına ciddi nəzarətin təmin olunması, qlobal idarəetmə mexanizmlərinin gücləndirilməsi zəruridir. Ekoloji böhran təkcə bir ölkənin deyil, bütün bəşəriyyətin problemidir. Yalnız birgə səylər nəticəsində təbiəti qorumaq, iqlim dəyişikliyinin qarşısını almaq və insanlığın sağlam gələcəyini təmin etmək mümkün olacaq.

Ətraf mühitin qorunması bu gün bəşəriyyətin qarşısında duran ən vacib problemlərdən biridir. İqlim dəyişiklikləri, hərbi təlimlər, müharibələr, təbii fəlakətlər, meşə yanğınları və daşqınlar kimi hadisələr ekoloji tarazlığı pozaraq həm təbiətə, həm də insanlara ciddi ziyan vurur. Son illərdə Xəzər dənizinin suyunun çəkilməsi, göllərin və çayların quruması, meşələrin məhv olması kimi hallar artıq sadəcə xəbər yox, real təhlükədir.

COP29 tədbiri də məhz bu problemlərə diqqət çəkmək, iqlim dəyişikliklərinin fəsadlarının qarşısını almaq və ətraf mühitin sağlamlaşdırılması üçün qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünya ölkələrinə ekoloji problemlərin həllində həm təşəbbüskar, həm də dəstəkçi mövqe sərgilədiyini nümayiş etdirdi.

Ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün təkcə çağırışlar kifayət etmir – konkret, sistemli və icrası təmin olunan tədbirlər görülməlidir. İstər sənaye sahəsində, istərsə də gündəlik həyatımızda təbiətə qarşı məsuliyyətli davranış tərzi formalaşdırılmalıdır. Bu, yalnız bir ölkənin deyil, bütün dünyanın problemidir və birlikdə hərəkət olunmasa, gələcək nəsilləri daha ağır fəlakətlər gözləyir”.

Müəllif: Səbinə Hüseynli
Chosen
37
1
sia.az

2Sources