EN

“Azərbaycan elminin bayraqdarı” - konfrans

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan elminin bayraqdarı” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan elminin inkişafında Akademiyanın xüsusi yeri olduğunu söyləyib. O, ölkəmizdə elmin sürətli inkişafının həm sovet dövründə, həm də müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyərək, Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Elmə böyük qayğı göstərən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, imzaladığı sərəncamlar barədə danışan akademik Azərbaycanda Elm Gününün təsis edildiyini xatırladıb.

AMEA-nın ötən 80 ildə nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 67 illik mövcudluğu dövründə Şərqşünaslıq İnstitutunun da elmimizə böyük töhfələr verdiyini qeyd edib. O, akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərini yaratdığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

Elmi konfransda Şərqşünaslıq İnstitutunun şöbə müdiri dosent Günay Verdiyevanın “AMEA-da şərqşünaslıq elminin inkişafı: istiqamətlər, simalar, əsərlər”, şöbə müdiri dosent Xumar Ələkbərovanın “Azərbaycanın elm tarixində AMEA-nın şərqşünas alimlərinin rolu”, elmi işçi Solmaz Namazovanın “Azərbaycan Milli Elmlər Akademiyası: tarixi inkişaf və müasir elmi yeniliklər” mövzularında məruzələri dinlənilib.

Chosen
23
2
azertag.az

3Sources