EN

"Qarabağ"ı çətin oyun gözləyir -

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "Qarabağ" İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək. “Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var. Bəs təmsilçimizdən meydandakı gözləntilər necədir? Futbol eksperti Elçin Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, “Qarabağ” artıq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla, bir növ öz işini görüb, öhdəsinə düşəni edib. Bundan sonrakı oyunlar, qazanılan qələbələr aktivinə yazılandır və “Qarabağ”ın daha da böyüməsinə xidmət edən amillərdir. E.Cəfərov meydançanın qonağı olan “Çelsi”dən də danışıb: ““Çelsi” çox güclü rəqibdir. Avropanın və dünya da tanınan komandalarından biridir, klublararası dünya çempionu olmuş kollektivdir. Təbii ki, rəqibin heyətində kifayət qədər təcrübəli və sürətli oyunçular var. Bu oyunda əsas diqqət ediləsi məqam dayaq yarımmüdafiədə Yankoviçin rolu çox böyük olmasıdır. Yankoviçin toplu-topsuz oyundakı iştirakı və bağlantı rolu oynamağı çox önəmli faktdır. Məncə, “Çelsi” bu gün Yankoviç üzərindən və meydançanın “Qarabağ”a aid olan hissəsindən faydalanmağa çalışacaq”. Ekspertin sözlərinə görə, rəqib bu dəfə rotasiyalı heyətlə meydana çıxacaq: “Amma bütün bunlara baxmayaraq, qarşıdakı “Çelsi”dir. “Qarabağ” təmkinli oynamalı, xüsusilə müdafiə arxasına atılan toplarda diqqətli olmalıdır. “Çelsi”də sol cinahda çıxış edən Kukurellaya qarşı oyunda diqqətli olmaq lazımdır. O, çox sürətli keçidlərlə təhlükə yarada bilən futbolçudur. Ümumiyyətlə, “Çelsi” elə bir komandadır ki, qısa paslarla rəqibin diqqətini yayındıraraq, anidən müdafiə arxasına atılan topla təhlükəli vəziyyətlər yaradır. Bu səbəbdən “Qarabağ” bu gün oyunda yüksək konsentrasiya nümayiş etdirməlidir. Xüsusilə yarımmüdafiənin mərkəzində topa daha çox sahib olmaq vacibdir. Əgər “Qarabağ” mərkəzdə topa nəzarəti ələ ala bilsə, oyunun tempini və istiqamətini istədiyi kimi diktə edə bilər. Mərkəzdə üstünlük həm hücum fazasında say çoxluğunu təmin edir, həm də oyunun ritmini qorumağa kömək edir. Əks halda, müdafiədən top çıxararkən problemlər yaşanır və bu, komandanın oyun tempinə mənfi təsir göstərir”. E.Cəfərov qeyd edib ki, bu gün “Çelsi” ilə matçda “Qarabağ”ın sona qədər mübarizə aparacağına şübhə yoxdur: “Məğlubiyyət ehtimalı olsa da, bu, anlayışla qarşılanmalıdır, çünki rəqib “Çelsi”dir. Lakin “Qarabağ” xal qazanmağı və ya qalib gəlməyi bacarsa, növbəti möhtəşəm nailiyyətə imza atacaq”. Qeyd edək ki, qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
3
metbuat.az

1Sources