EN

Qishamer və ya “Qarabağ” sayəsində debütləri sıralayan adam...

Söhbət “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki çıxışını ilk “24-lük”də başa vurmaq ehtimalından gedirsə, hər detala önəm vermək lazımdı. Xüsusilə uzun illərdi müzakirə mövzusuna çevrilən ədalət təmsilçisinə. Yəni Sebastyan Qishamerə. Bəli, o, Azərbaycan futbol ictimaiyyətinə tanışdı. Ona görə ki, daha əvvəl həm milli komandalarımızın, həm də “Qarabağ”ın matçında iş başında olub. Qishamerin yığmalarımızla bağlı işi bizi sevindirməsə də, “köhlən atlar”la əlaqədar fəaliyyəti xoş təəssürat oyadıb. Ancaq bu haqda bir qədər sonra. İndi referinin karyerası haqda bəzi vacib detalları diqqətinizə çatdıraq.

Sebastyan Qishamer... Düzdü, “Futbol+” oxucusu daha əvvəl avstriyalı hakim haqda ətraflı bilgiylə tanış olub. Amma indi həmin məsələlərlə bağlı bir sıra yeniliklər var. Əvvəla onu xatırladaq ki, Qishamer ölkəsinin 2-ci liqa matçlarında xeyli təcrübə topayıb. Tədricən yerli federasiyanın güvənini qazanan ədalət təmsilçisi bir neçə il sonra bundesliqa oyunlarında görünüb. O, aşağı dəstədə 100, elitada 111, ölkə kuboklarında 35 qarşılaşma idarə edib. Və bu matçlarda ümumilikdə 1102 sarı, 68 qırmızı vərəqə göstərib. O başqa məsələ ki, 37 yaşlı referi ölkəsinin öncül ədalət təmsilçilərindən biri deyil. Bununla belə, Qishamer 2018-ci ildə UEFA-nın diqqətini çəkib. Həmin vaxtdan bəri beynəlxalq oyunlara təyinat alır. “Fit sahibi” bu günə qədər avrokubokların bütün turnirlərinin təsnifat, Konfrans və Avropa Liqalarının əsas mərhələləri, beynəlxalq yoldaşlıq oyunları, Gənclər Liqası, 17, 19, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələləri və Millətlər Liqasının A, B, C liqalarının matçlarını idarə edib. Hətta İspaniya kubokunda da baş hakim kimi çıxış edib.

Qishamerin Avropa Liqasının əsas mərhələsində idarə etdiyi ilk matç 2023-cü ildə keçirilən “Həkken” – “Qarabağ” oyunu (0:1) olub. O, həmin oyunda “köhlən atlar”ın heyətindən Marko Yankoviçlə indi “Araz-Naxçıvan”ın şərəfini qoruyan Partik Andradeyə sarı vərəqə göstərib. Maraqlıdı ki, avstriyalının Çempionlar Liqasının əsas mərhələsindəki debütü də “Qarabağ”ın oyununda baş tutacaq. Ədalət təmsilçisi həm də yığmamızın ötən ay, yəni oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Polşada Ukraynaya uduzduğu (1:2) görüşdə iş başında olub. Referi 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında da söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsiylə nəticələnib.
Ümumiyyətlə, Qishamer karyerası ərzində 360 matçda iş başında olub, bu görüşlərdə 1586 sarı, 96 qırmızı vərəqə göstərib.

KƏNAN BAHADIR

Chosen
14
1
football-plus.az

2Sources