EN

Ermənistan İstintaq Komitəsinin sədri: "Dövlət çevrilişi işi üzrə sübutlar mövcuddur"

"Dövlət çevrilişi ittihamı ilə həbs edilən şəxs öz əməllərini terrorçuluq adlandırıb".
Oxu.Az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə büdcə müzakirələri zamanı müxalif deputat Anna Qriqoryanın suallarını cavablandırarkən bəyan edib.
A.Qriqoryan bildirib ki, həbs edilənləri (o cümlədən din xadimlərini) arxiyepiskop Baqrat Qalstanyanın telefon danışıqlarının dinlənilməsi zamanı üzə çıxarılan "iki-üç nəfərin öldürülməsinin vacibliyi" barədə sözləri əsasında süni şəkildə dövlət çevrilişinə cəhddə ittiham etməyə çalışırlar. O: "Siz, vəzifəli bir şəxs kimi, tam məlumatlı olduğunuz halda cəmiyyəti qorxutmaq üçün yalnız bu cümləni seçmisiniz... Elə bil insanlar, filmlərdə olduğu kimi, bütün planlarını lövhədə yazıblar. Əgər belə faktlar varsa, niyə onlar açıqlanmır?" - deyə vurğulayıb.

Bunun cavabında Poqosyan öncə "dinləmə" ifadəsi ilə razılaşmadığını, daha sonra fakt araşdırılarkən dinləmənin olmadığını bildirib, lakin söhbətin yazısının necə əldə edildiyini də açıqlamayıb. Poqosyan qeyd edib ki, artıq bu sözlərin elə-belə deyilmədiyi barədə sübutlar var. Axtarış zamanı tapılan və fəaliyyət planı ehtimal edilən sənəddə birbaşa "terror" sözü yazılıb. Söhbət binaların (o cümlədən polis binalarının) ələ keçirilməsindən gedib.

"İstintaq başa çatmayana qədər irəli getmək istəmirəm, lakin açıq məhkəmə prosesində hər şeydən özünüz əmin olacaqsınız", - deyə Poqosyan fikrini tamamlayıb.

Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 nümayəndəsinə qarşı "terror aktı təşkil etməyə və hakimiyyəti ələ keçirməyə cəhd" ittihamı irəli sürülüb. Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları iyun ayının sonlarında həbs ediliblər. O zaman Ermənistan İstintaq Komitəsi bildirib ki, hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısı alınıb. Avqustun 21-də Qalstanyanın həbsi üç ay müddətinə uzadılıb.
Chosen
21
sherg.az

1Sources