EN

Məktəb-valideyn körpüsü necə qurulur? - “Bu münasibət üçbucaq yox, dairə olmalıdır”

Müasir təhsil sistemində məktəb, müəllim və valideyn üçbucağının əməkdaşlığı şagirdin uğuruna birbaşa təsir göstərir. Bu baxımdan məktəb direktorlarının valideynlərlə mütəmadi görüşlər keçirməsi son dərəcə vacib hesab olunur.

Belə görüşlər tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, nizam-intizam məsələlərinin vaxtında həll olunması, şagirdlərin fərdi inkişafına nəzarət və məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, valideynlərin fikirlərinin dinlənilməsi və məktəblə bağlı qərarların birgə müzakirəsi təhsilin daha şəffaf və effektiv idarə olunmasına şərait yaradır.

Belə görüşlərin şagirdlərin təlim-tərbiyəsinə hansı töhfələri olur? Görüşlərdə hansı mövzular əsas müzakirə predmetinə çevrilməlidir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, bugünkü reallıqda şagirdin uğuru bir-birindən ayrılmaz, dinamik və qarşılıqlı təsir edən çoxsaylı amillərin nəticəsidir:

171871

"Məktəb rəhbərliyinin valideynlərlə mütəmadi görüşlər keçirməsi bu sistemin əsas dayaqlarından biridir. Bu cür görüşlər həm tədrisin keyfiyyətinə, həm də uşaqların sosial və emosional inkişafına birbaşa təsir göstərir. Əgər belə görüşlər rüblük və ya ayda bir dəfə olmaqla planlı şəkildə təşkil olunsa, məktəb və ailə arasında əlaqə möhkəmlənir, hər iki tərəf şagirdin təlim-tərbiyə prosesində aktiv rol oynayır.

Bu görüşlərdə məqsəd sadəcə şagirdin qiymətlərini müzakirə etmək deyil, onun fərdi inkişafını, sosial davranışını və motivasiyasını birgə dəyərləndirməkdir. Uşaq üçün ən güclü motivasiya o zaman yaranır ki, həm müəllim, həm valideyn eyni istiqamətdə düşünür və onu birgə dəstəkləyir. Finlandiya və Yaponiya kimi ölkələrdə məktəblər “valideyn partnyorluğu” modelinə keçiblər. Burada valideynlər bəzən dərsləri müşahidə edir, müəllimlə birgə inkişaf planı hazırlayır və bu yolla uşağın irəliləyişini yaxından izləyirlər. Bu, həm məktəbdə şəffaflığı, həm də qarşılıqlı etimadı artırır.

Bununla belə, bəzi hallarda valideynlər bu görüşləri formal prosedur kimi qəbul edirlər. Halbuki uşağın uğuru üçün ən vacib amillərdən biri valideynin aktiv iştirakı və məsuliyyət hissidir. ABŞ-da tətbiq olunan “Parent Advisory Council” modeli maraqlı nümunədir: valideynlər hər ay məktəbin qərarverici iclaslarında iştirak edərək tədris və tərbiyə ilə bağlı ideyalarını bölüşürlər. Bu təcrübə məktəbin idarəetmə mədəniyyətini daha demokratik və şəffaf edir. Azərbaycanda da bu cür təşəbbüslərin formalaşması istiqamətində addımlar atılır, lakin davamlılıq və planlı yanaşma bu prosesin əsas şərtidir".

Məktəb rəhbərliyi ilə valideyn görüşlərində əsas müzakirə mövzuları uşağın akademik göstəriciləri ilə yanaşı, onun davranışı, psixoloji vəziyyəti, sosial adaptasiyası və rəqəmsal mühitdə təhlükəsizliyi olmalıdır:

"Bəzi ölkələrdə bu cür görüşlərdə “solution circle” yanaşması tətbiq edilir. Burada diqqət problemi deyil, onun həll yollarını tapmağa yönəlir. Bizim məktəblərdə də bu metodun tətbiqi uşaqlarla bağlı məsələlərin daha konstruktiv şəkildə həllinə kömək edə bilər.

Şübhəsiz ki, bu görüşlərin təşkilində müəyyən çətinliklər də yaşanır. Bəzən valideynlərin iş qrafiki, məktəb rəhbərliyinin sıx tədris planı və ya ünsiyyətin bürokratik tonu qarşılıqlı anlaşmanı çətinləşdirir. Halbuki bu görüşlərin ruhu “hesabat” deyil, “əməkdaşlıq” olmalıdır. Müəllim və valideyn eyni tərəfdə dayandıqda, uşağın davranışında və nəticələrində müsbət dəyişiklik daha tez müşahidə olunur.

Valideynlərin təklif və iradlarının düzgün qiymətləndirilməsi də prosesin vacib hissəsidir. İngiltərədəki “Parent Feedback Loop” modelində olduğu kimi, hər təklif üçün iki həftə ərzində geribildirim verilməsi (“qəbul edildi”, “dəyərləndirilir”, “mümkün deyil”) şəffaflığı artırır və valideynin fikrinin nəzərə alındığını göstərir. Belə mexanizmlər təkcə etimadı möhkəmləndirmir, həm də məktəbdaxili problemlərin böyümədən həllinə imkan yaradır".

Gələcəkdə bu görüşlərin hibrid formatda - həm məktəbdə, həm də onlayn platformalarda (Zoom, Teams və s.) təşkili valideynlərin iştirakı üçün böyük rahatlıq yaradacaq:

"Finlandiyada istifadə olunan “Wilma App” kimi tətbiqlər vasitəsilə valideynlər dərhal məktəbdən geribildirim ala bilir, müəllimlə birbaşa ünsiyyət qura bilir. Bu cür texnoloji vasitələr bizdə də tətbiq olunsa, məktəb-valideyn əməkdaşlığı daha şəffaf, operativ və davamlı olar.

Əslində, uşaq təkcə məktəb, müəllim və valideyn arasında deyil, bir çox təsir dairəsinin mərkəzində formalaşır. Onun dünyagörüşünə və davranışına sinif yoldaşları, dost çevrəsi, sosial media, məhəllə mühiti, hətta televiziya proqramları belə təsir göstərir.

Ona görə də bu münasibətləri üçbucaq kimi deyil, dairə kimi görmək daha doğru yanaşmadır. Dairənin mərkəzində uşaq dayanır, ətrafında isə bir-biri ilə əlaqədə olan bütün sosial mühit. Bu model məsuliyyəti bölüşdürür, uşağın tərbiyəsini təkcə məktəbin üzərinə qoymur, həm də cəmiyyətin ümumi dəyərləri ilə uzlaşdırır.

Beləcə, məktəb və ailə arasındakı əməkdaşlıq sadəcə məlumat mübadiləsi deyil, uşağın gələcəyinə qoyulan ortaq sərmayədir. Düzgün və səmimi işlədikdə, hər kəs qazanır: uşaq inam və motivasiya, müəllim dəstək və hörmət, məktəb isə etimad və nüfuz əldə edir".

Chosen
38
azedu.az

1Sources