EN

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmi ictimaiyyət üçün yeni yol xəritəsidir - ŞƏRH

Bakı, 5 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) çıxışı dövlətin elmin inkişafına dəstəyinin ifadəsidir. Prezident elm adamlarını ruhlandırmaqla, onları dövlət qurumları ilə sıx işləməyə səsləməklə, Qarabağ və Şərqi Zəngəzurda geoloji işlərə azərbaycanlı alimlərin cəlb edilməsi mesajını verməklə bu sahədə səmərəli əməkdaşlığa ehtiyac olmasına diqqət çəkib. Həmçinin dövlət qurumlarını alimlərlə işləməyə, onların tədqiqatlarından yararlanmağa və elmi bilikləri müvafiq sahələrdə tətbiq etməyə çağırıb. Elmin nailiyyətləri, tədqiqatlardan əldə olunan sübut əsaslı nəticələr istənilən sahədə dövlət qurumlarına dəstəkdir. Əldə olunan tapıntılar yeni siyasətlər hazırlamağa, cavab tədbirlərini gücləndirməyə, həmçinin mövcud siyasətləri korrektə etməyə imkan verir. Elmi sübutlara əsaslanaraq hazırlanmış istənilən siyasət uğurludur və dəqiqdir. Prezident İlham Əliyev elmin praktiki nəticələrinin olmasının, onun təkcə əsərlərdə qalmamasının vacibliyini vurğulayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva səsləndirib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin də apardığı dövlət siyasətinin başlıca hədəflərindən biri elmin inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması olub. Ulu Öndərin Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda ölkədə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayıb, ali məktəblərdə təhsil alan tələbələrin sayı 70 mindən 100 minə qədər artıb. Ümummilli Lider azərbaycanlı gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirərək bu sahədə əsaslı dönüş yaradıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1970-ci ildən etibarən hər il 800–900 nəfər gənc SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına göndərilib. Bu da respublikanın milli kadr potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradıb. Müstəqillik illərində də Ulu Öndər təhsilin inkişafını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Lider təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması, eləcə də Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan müasir təhsil strategiyasının həyata keçirilməsi məqsədilə mühüm addımlar atıb, əhəmiyyətli fərman və sərəncamlar imzalayıb.

Deputat vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də dövlət idarəçiliyində elmin inkişafı prioritet vəzifələrdən biri kimi qoyulub: “Son 10 ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, yeni böyük elmi kitabxana, həmçinin Milli Ensiklopediya üçün yeni bina inşa edilib. 2009-cu ildə Elm Fondu yaradılıb. Bu fondun yaradılmasının əsas məqsədi isə Azərbaycan alimlərinə maddi dəstək, elmin inkişafına qrantlar çərçivəsində təkan verməkdir. Bundan başqa, Elmin inkişafı üzrə Milli Strategiya, eyni zamanda, “Elm haqqında” Qanun qəbul olunub və Dövlət Proqramı hazırlanaraq tətbiq edilib. Daha bir çox işlərin də görülməsi planlaşdırılır”.

Pərvanə Vəliyeva Prezident İlham Əliyevin AMEA-dakı çıxışının Azərbaycan tarixi yaddaşının qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması baxımından dərin məna daşıdığına diqqət çəkib: “Dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzur mövzusundan söz açarkən qeyd edir ki, bu bölgələr barədə danışmaq əslində bütövlükdə Azərbaycan tarixindən danışmaq deməkdir. Çünki xalqımızın çoxəsrlik dövlətçilik ənənələri və mədəni irsi bu torpaqlarla sıx bağlıdır. Təəssüf ki, uzun illər ərzində Ermənistan və erməni diasporu Azərbaycanın tarixini saxtalaşdırmaq, həqiqətləri təhrif etmək istiqamətində məqsədyönlü fəaliyyət aparıb, bu təbliğat bu gün də davam edir. Prezident bildirir ki, bu cür saxtakarlıqlara qarşı ən güclü silah Azərbaycanın öz həqiqətləridir və bu həqiqətlər elmi əsaslarla dünyaya təqdim edilməlidir. Dövlətimizin başçısı xüsusilə alimlərin və elmi ictimaiyyətin bu sahədə rolunu vurğulayır. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan tarixinin araşdırılması və təbliği istiqamətində daha çox elmi əsərlərin, sərgilərin, təqdimatların, xəritələrin və hətta qısa bukletlərin hazırlanmasına ehtiyac var. Bu, həm Azərbaycan gənclərinin öz köklərini daha yaxşı tanıması, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin tarixi reallıqlarını doğru anlaması üçün vacibdir. Prezidentin diqqət çəkdiyi mühüm məqamlardan biri də tarixi xəritələrin əhəmiyyətidir. Dövlətimizin başçısı qeyd edir ki, Çar Rusiyası dövründə tərtib edilən xəritələrdə bu gün Ermənistan adlanan ərazilərdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Bu, həmin torpaqlarda azərbaycanlıların tarixi varlığını və mədəni izlərini sübut edən faktlardandır. Beləliklə, Prezident İlham Əliyevin çıxışı həm tarixi yaddaşın qorunması, həm də elmi ictimaiyyət və cəmiyyət üçün məqsəd kimi Azərbaycan tarixinin saxtakarlıqlardan təmizlənməsinə, həqiqətlərin elmi əsaslarla dünyaya çatdırılmasına və gənc nəsildə milli kimlik şüurunun daha da möhkəmləndirilməsinə bir çağırışdır”, - deyə deputat vurğulayıb.

Chosen
8
7
azertag.az

8Sources