EN

Kamerunda etirazlar qanla nəticələndi: ölənlərin sayı 48-ə çatdı

Kamerunda prezident seçkilərinin nəticələrinə qarşı keçirilən hökumət əleyhinə aksiyalar getdikcə daha da gərginləşir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, ölkədə davam edən iğtişaşlar nəticəsində 48 nəfər həyatını itirib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisələr, Prezident Pol Biyanın oktyabr ayında keçirilən seçkilərdə yenidən qalib elan edilməsindən sonra başlayıb.

Douala şəhərində baş verən qarşıdurmalarda 3 jandarma, ölkənin şimal bölgəsində isə 10 nəfərin öldüyü bildirilib.

Müxalifət lideri İssa Çiroma Bakari, seçkilərdə qalibin əslində özü olduğunu iddia edərək tərəfdarlarını "Kamerunu azad etmək" məqsədilə sülh yürüşünə çağırmışdı. Lakin yürüşlər qısa zamanda zorakılığa çevrilib, etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar yaşanıb.

Ölkənin Konstitusiya Şurası ötən həftə yayımladığı rəsmi nəticələrdə 92 yaşlı Biya-nın 53,7 faiz səslə qalib gəldiyini, Bakari-nin isə 35,2 faiz səs topladığını açıqlayıb.

Bununla da, Pol Biya 43 illik hakimiyyətini uzadaraq səkkizinci dəfə prezident seçilib.

BMT nümayəndələri ölkədəki vəziyyətin "son dərəcə gərgin" olduğunu, insan haqları pozuntularının və polis zorakılığının artdığını bildiriblər. Təşkilat tərəfləri dialoqa və təmkinə çağırıb.

Chosen
12
far.az

1Sources