EN

Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecdə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib.

Kollecdən AZƏRTAC-a bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kollecin altı məzununun xatirəsinin anılması ilə başlanıb. İştirakçılar şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Dekorativ-tətbiqi sənət və Bədii xalça ixtisası tələbələrinin hazırladıqları, Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Tədbirin açılışında Humanitar Kollecin direktoru musiqişünas dosent Nərmin Qaralova çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. “Düz 5 il öncə, 2020-ci ilin unudulmaz payızında Azərbaycan xalqı bir amal uğrunda - Vətən uğrunda bir yumruq kimi birləşdi. 44 gün ərzində biz əsrlərin həsrət yükünü çiynimizdən atdıq və azadlığa qovuşduq. Bu gün “Qarabağ Azərbaycandır!” sözünü qürurla deyiriksə, bunu şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində əldə etmişik”, - deyə d Nərmin Qaralova vurğulayıb.

Sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva da çıxış edib. O bildirib ki, noyabrın 8-nin Zəfər Günü kimi qeyd olunması Prezident İlham Əliyevin xalqımıza ən böyük hədiyyəsidir: “Bu Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, milli kimliyimizin və qürurumuzun bərpasıdır. Qələbə Azərbaycan xalqının birliyi və şəhidlərimizin fədakarlığı ilə mümkün olub”.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Əməkdar müəllim Məhəbbət Babayeva və sənət adamı Xədicə Sənanqızı da çıxış edərək, Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərin xalqımız üçün mənəvi qürur mənbəyi olmasından danışıblar. Onlar gəncləri vətənpərvərlik ruhuna sadiq qalmağa, sənət vasitəsilə bu dəyərləri yaşatmağa çağırıblar.

Tədbirin bədii hissəsində kollecin müəllim və tələbə heyətinin ifasında “Ritm kompozisiyası”, “Qarabağ havası”, “Vətən, sənə vurulmuşam”, “Azərbaycan”, “Vətən marşı”, “Zəngəzur”, “Zəfər mahnısı”, “Min yaşasın”, “Ey Vətən”, “Anam Azərbaycanım”, “Azərbaycanım mənim” kimi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib ifa olunub.

Kollecin tələbələri Gülçin Tanrıverdiyeva və Canəli Canəliyev isə Zəlimxan Yaqubun “Qələbə, qələbə, yalnız qələbə” və Asim Yadıgarın “Zəfər yolu” şeirlərini səsləndirərək tamaşaçılara təsirli anlar yaşadıblar.

Tədbir Zəfər Gününə həsr olunan qürur və minnətdarlıq duyğuları ilə yekunlaşıb.

Chosen
6
2
azertag.az

3Sources