EN

Ramiz Mehdiyevlə birgə susqunluğa qərq olan AXCP-Müsavat cütlüyü

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədən kənarlaşdırılması Azərbaycan siyasi səhnəsində uzun illər gizlədilən münasibətləri açdı, köhnə şəbəkələrin mahiyyətini ortaya çıxardı. Onun nəzarətində formalaşmış, "müxalifət" adı ilə çıxış edən, əslində isə müəyyən ssenarilərin icraçıları kimi davranan AXCP-Müsavat tandemi məhz bu mərhələdən sonra gözə çarpacaq dərəcədə susdu.

Mehdiyev siyasi arenadan çəkilən kimi həmin partiyaların illərlə nümayiş etdirdiyi "aksiya dövrü" də faktiki olaraq sona çatdı. Nə mitinq oldu, nə yürüş, nə də kütləvi narazılıq çağırışı. Sanki bu strukturların relyefini formalaşdıran əsas dayaqlar birdən-birə aradan qalxdı və onların aktivliyi mexaniki şəkildə sıradan çıxdı.

Bu susqunluğun səbəbi sadədir: AXCP və Müsavat uzun illər ərzində "sistem müxalifəti"nin bir elementinə çevrilmiş, Mehdiyevin siyasi planlarına uyğun şəkildə hərəkət etmişdilər. Onların fəaliyyəti ölkədaxili gərginliyə, dövlət cəmiyyət münasibətlərində süni uçurumların dərinləşdirilməsinə xidmət edir, Mehdiyev isə bu proseslərdən siyasətdə balans yaratmaq üçün istifadə edirdi. O, arenadan uzaqlaşdırılanda ssenari dağıldı, icraçılar isə təbii olaraq susdu.

Vətən müharibəsindən əvvəl bu dairələrin nümayəndələri açıq şəkildə Azərbaycan Ordusunun Qarabağı azad edə bilməyəcəyini iddia edir, bu fikri sosial şəbəkələrdə və mediada xüsusi olaraq tirajlayırdılar. 2019-cu ildə səslənən "müharibə mümkün deyil" çağırışları bu gün də arxivlərdə qalır. Lakin 44 günlük müharibə bu iddiaların nə qədər əsassız olduğunu açıq şəkildə göstərdi. Qələbədən sonra da eyni çevrələr istiqamət dəyişib bu dəfə qələbənin özünü kiçiltməyə girişdilər - "Rusiya faktoru" və ya "sülhməramlıların yerləşdirilməsi torpaq itkisi deməkdir" kimi iddialar bunun bariz nümunəsidir. Halbuki, Azərbaycan bayrağı işğaldan azad olunmuş şəhərlərdə dalğalanırdı və sülhməramlılar müvəqqəti xarakter daşıyan mexanizmin bir hissəsi idi.

Bu cəhdlərin mahiyyəti təkcə qələbənin böyüklüyünü kölgələmək deyil, həm də dövlətin legitimliyini və xalqın birliyini sarsıtmaqdan ibarət idi. Mehdiyevin uzun illər siyasi strukturlar içində yaratdığı təsir, onunla bağlı "5-ci kolon" iddiaları və AXCP-Müsavat tandeminin xarici dairələrdən qaynaqlanan təsirlərə uyğun davranışı bu mənzərənin vacib hissələridir.

Müxtəlif Qərb fondlarının hazırladığı "yumşaq çevriliş" ssenarilərinin regionda tətbiq edilməsi cəhdləri, ölkədə sosial gərginliyin artırılması, etnik və dini zəmində parçalanmalar yaratmaq niyyəti, "müharibə istəməyənlər" şüuraltı mesajının cəmiyyətə ötürülməsi kimi addımların müəyyən koordinasiyasının olması barədə iddialar da illərdir səsləndirilir. Bu proseslərdə Mehdiyevin daxili koordinasiyaçı, AXCP və Müsavat isə ictimai-siyasi icraçı rollarında idi.

44 günlük qələbə ilə yaranmış yeni reallıq Azərbaycanın gücünü, xalqın birliyini və ordunun iradəsini təsdiqlədi. Lakin həm Ermənistanda, həm də Azərbaycanda bu reallıqla barışmaq istəməyən qüvvələr oldu. Ermənistandakı revanşist dairələrlə paralel olaraq Azərbaycanda da "söz azadlığı" donu altında fəaliyyət göstərən bəzi şəbəkələr eyni hədəfə - dövlətin möhkəmliyinə zərbə vurmaq istiqamətində hərəkət edirdi.

Bu gün Azərbaycan cəmiyyətinin böyük hissəsi yaxşı anlayır ki, AXCP kimi strukturlar xalqın maraqlarından daha çox xarici mərkəzlərin siyasi gündəminə yaxın dayanır. Onların "demokratiya" şüarları isə çox hallarda müxtəlif siyasi layihələrin öncül ideoloji örtüyü rolunu oynayır.

Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı təsir mühiti, Qərb fondlarının ssenarilərinə uyğun davranan şəbəkələr, qələbədən sonra belə xalqın sevincinə kölgə salmağa çalışan siyasi qruplar artıq cəmiyyət tərəfindən tanınıb və ifşa olunub. İctimai etimad bu strukturlardan kənara çəkilib.

Dövlət qarşısında duran əsas məsələ bu "5-ci kolon"un qalıqlarını tam neytrallaşdırmaq, milli birliyi pozmağa çalışan hər hansı dairələrin təsir imkanlarını sıfırlamaq və ölkənin gələcək inkişafını daxili sabotajlardan qorumaqdır. Çünki milli maraqları şəxsi ambisiyalarla dəyişən, qüruru siyasi alver predmetinə çevirən davranışlara bu ölkədə yer yoxdur.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Chosen
12
3
far.az

4Sources