EN

Laçının min bulaqlı kəndləri - ARAŞDIRMA

Laçın rayonunun uca dağları arasında yerləşən Minkənd öz çoxsaylı bulaqları ilə məşhurdur. Minkəndin adı bəzən Əmir Teymurun fəth etdiyi mininci kənd kimi yozulur. Ancaq çevrəsindəki bulaqlara görə kəndin ismini "min bulaqlı" kimi yozmaq səhv olmazdı. Bu da təsadüfi deyil: kənd ərazisində onlarla təbii su mənbəyi var və onların hər biri ayrı tarix, ayrı nəfəs daşıyır. Kənd Laçının yaylaqlarına doğru, təxminən 1700 metr yüksəklikdə yerləşir. Dağların qoynundakı bu yaşayış məskəni həm tarixi, həm də ekoloji baxımdan bölgənin əsrarəngiz diyarıdır.

Bu kəndin ətrafında hər addımda bir bulaqla rastlaşmaq mümkündür. Ən çox tanınanları Ağbulaq, Fatiq bulağı, Mehdi bulağı, Pəri bulağı, Çiçək bulağı, Hüseynalılar bulağı, Qəmbəralı bulağı, Qırxbulaq və Pırt-pırt bulaqdır.

Hərəsinin öz əfsanəsi, öz hekayəsi var.

Çiçək bulağı Minkəndin ən gur sulu bulaqlarından biridir. Yazda bulağın ətrafı çiçəklərlə örtülür, sanki təbiət özü onun adını təsdiqləyir.

Pəri bulağı haqqında isə deyirlər ki, axşam saatlarında suyun üstündə işıq parlayar- bu da bulağın “müqəddəs” sayılmasına səbəb olub.

Qırxbulaq adının özü isə çoxluq rəmzidir- bu, bulaq sisteminin bir növ ümumi adı kimi işlədilir.

Bu bulaqlar təkcə kəndin su təchizatını deyil, həm də el həyatını müəyyən edib. Su başında söhbətlər qurulub, toy və mərasimlərdə bulaq suyu ilə niyyətlər tutulub.

Minkəndin yaxınlığında yerləşən İstisu bulaqları Laçının ən qiymətli təbii sərvətlərindəndir. Qədimdən bu suların revmatizm və oynaq ağrılarına şəfa verdiyi bilinirdi. Qısa desək, Minkəndin dağlarında su içmək- sağlamlıq içmək deməkdir.

Laçın şəhər sakini, Müharibə, Əmək və Silahlı Qüvvələr təşkilatı Laçın şöbəsinin sədri Qəzənfər Hüseynov Laçının təbii su ehtiyyatlarının qorunmasının vacibliyini vurğulayıb və hidronimlər barədə yaddaş kitabçasının çap olunmasını təklif edir. O, Minkənd ətrafındakı bulaqlara da yaxşı bələddir:

"Bu bulaqları sadəcə təbiət möcüzəsi kimi görmək azdır. Onlar Azərbaycanın ekoloji brend potensialı daşıyır. Dünyada təbii su markalarının artdığı bir dövrdə “Minkənd bulaqları" adı ilə təbii bulaq sularının istehsalı həm iqtisadi, həm də mədəni baxımdan strateji addım ola bilər.

Minkənddə və ətraf kəndlərdə - İstisu, Çiçək bulağı, Qırxbulaq kimi mənbələrin ətrafında ekoturizm və balneoloji mərkəzlərin yaradılması həm bölgənin məşğulluq səviyyəsini artıra, həm də Laçının “su paytaxtı” imicini möhkəmləndirə bilər.

Bu həm də Qarabağ təbiətinin bərpasına yönəlmiş milli layihə anlamına gələr: suyun iqtisadi dəyəri, ekoloji məsuliyyəti və mədəni simvolizmi birləşərdi.

Bu bulaqları qorumaq, onlara dəyər vermək - həm Laçına, həm də gələcək nəsillərə borcumuzdur.

Amma təəssüf ki, bu zonadakı bulaqların əksəriyyəti hələ bərpa olunmayıb. Bəzən isə onların ətrafına plastik qablar, tullantılar atılır, bulaqların təbiiliyinə və simvolik dəyərinə xələl gətirilir. Halbuki Minkəndin bulaqları həm ekologiyanın, həm də milli yaddaşın bir parçasıdır. Odur ki, Laçının ekoloji fəalları hesab edir ki, həm bulaqları bərpa etmək, həm də ekoloji mühiti qorumaq üçün maarifləndirmə tədbirləri daim aparılmalıdır.

Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.

Chosen
36
turkustan.az

1Sources