EN

Hüquq mühafizə orqanları notariuslara qanunsuz göstərişlər verir

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Təzəcə bilmişəm ki, Azərbaycanda barəsində cinayət işi açılmış şəxslər və hətta onların qohumlarına dair bəzən belə bir məhdudiyyət də tətbiq olunur: etibarnamə vermə imkanı yasaq edilir. Yəni şəxs notariusa etibarnamə təsdiqlətmək üçün gələndə notarius imtina edir. Deməli, kimsə notariuslara belə bir göstəriş verir. Kim? Məhkəmə? İnanmıram. Çünki belə bir məhdudiyyətin qoyulması absurddur və qanuna ziddir”.

Gununsesi.info bildirir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünasın sözlərinə görə, məhkəmə qərarları dərc olunur, buna görə də hansısa hakimin belə özbaşınalığa yol verə bilməsi inandırıcı deyil:

“Ən azı reputasiyası baxımından. Böyük ehtimalla bu qanunsuz göstərişi qeyri-rəsmi olaraq hüquq mühafizə orqanları verir, notariuslar da əsassız olaraq ona əməl edir. Bu tədbir o qədər antihüquqidir ki, heç bilmirəm nə deyim. Hətta azadlıqdan məhrum edilmiş ən qatı cinayətkar belə etibarnamə vermək hüququna malikdir. Kiminsə bu hüquqdan məhrum olunması mülki hüquq qabiliyyətindən məhrum edilməsi deməkdir. Sanki o, kölədir, quldur! Mülki Məcəllənin 25-ci maddəsinə əsasən: 1) mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir; 2) hər kəsin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; 3) insanın hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir; 4) insan hüquq qabiliyyətindən məhrum edilə bilməz. İnsanın hansısa hüququ varsa, qanunla başqa hal nəzərdə tutulmayıbsa, onun həyata keçirilməsini etibarnamə əsasında başqasına həvalə edə bilər. Etibarnamə verə bilmirsə, deməli, heç bir hüququ da yoxdur, dediyim kimi, quldur, kölədir.

Ən əsası isə mən başa düşmürəm ki, bununla nəyə nail olmaq istəyirlər? Hansısa əmlakının satılmasının qarşısını almaq istəyirlər? Bunun qanuni yolu var: həmin əmlaka məhkəmə qərarı əsasında həbs qoydurmaq olar. Yəni məhdudiyyət konkret olmalıdır, ümumi yox. İndi isə belə çıxır ki, şəxs hətta məhkəmədə onu təmsil etmək üçün vəkilə də etibarnamə verə bilmir. Bu biabırçılıqdır… Həqiqətən analoqumuz yoxdur”.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
icma.az

1Sources