EN

Komitə sədri: Tolerantlıq Azərbaycanda yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir » AzadMedia.az

Komitə

Azərbaycandakı tolerantlıq bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 5-də Bakıda "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası sayəsində bu gün öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır:

"Suverenlik xalqın ən ali dəyərlərindən, ən böyük tarixi nailiyətlərindən biridir. Suverenlik olmadan konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir".

Dini Komitənin sədri bildirib ki, festivalda nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir:

"Bu tədbir bir daha Azərbaycan dövlətçiliyinin minillik dəyərlərdən, hüquqi ədalət və milli iradədən güc aldığını göstərir. Bu festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir. Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir".

R.Məmmədov "Fərqliliyin rəngi" festivalının cəmiyyətə verdiyi mesajı da açıqlayıb:

"Hər fərq bir rəngdir, hər rəng bir dəyərdir, tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gözəlliyini, gücünü ortaya çıxarır. 44 günlük Vətən müharibəsində əldə edilən böyük zəfər də məhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinə sadiqliyinin sayəsində mümkün olub. Bu cür festivallar yalnız dini və mədəni irsimizi qoruyub saxlamaq üçün deyil, həm də gələcək nəsillərə birgəyaşayışın, qarşılıqlı hörmətin və tolerantlığın əhəmiyyətini göstərmək baxımından önəmlidir. Əminəm ki, bu festivalın yaratdığı əhval-ruhiyyə birliyimizi daha da möhkəmləndirəcək".

Chosen
45
6
azadmedia.az

7Sources