EN

Şavkat Mirziyoyev miqrantların sosial və hüquqi müdafiəsi üzrə beynəlxalq forum keçirilməsi təşəbbüsü ilə çıxış edib  

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qətərin paytaxtı Dohada keçirilən BMT-nin İkinci Qlobal Sosial İnkişaf Sammitindəki çıxışında bildirib ki, onun ölkəsi Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə təşkil olunacaq miqrantların sosial və hüquqi müdafiəsi üzrə beynəlxalq foruma ev sahibliyi etməyə hazırdır.

AZƏRTAC Özbəkistan Milli Xəbər Agentliyinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev bildirib: “Özbəkistan Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə Daşkənddə miqrantların və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsi üzrə beynəlxalq forum keçirməyə, həmçinin bu sahədə Qlobal Proqramın qəbul edilməsinə töhfə verməyə hazırdır”.

Özbəkistanın dövlət başçısı çıxışında qlobal sosial, təhsil problemlərinə də toxunub: “Ekspertlərin hesablamalarına görə, savadsızlıqdan illik iqtisadi itki 1,4 trilyon dollar təşkil edir. Bu, gənclərin cəmiyyətdə və əmək bazarında yer axtarmasını çətinləşdirir və sosial bərabərsizliyi daha da artırır”.

Dövlət başçısı Özbəkistanın Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansın bir gün əvvəl keçirilən ilk iclasında qəbul edilən qərarları tam dəstəklədiyini vurğulayıb. O, təhsilin gündəliyin əsas mövzusu olmaqla, gələcəkdə Özbəkistanda bu alyansın sammitinin keçirilməsini təklif edib.

Prezident qeyd edib ki, iqlim dəyişikliyinin sosial həyata təsiri getdikcə daha da kəskinləşir. Ekstremal hava hadisələri, səhralaşma və biomüxtəlifliyin itirilməsi, ilk növbədə, həssas qrupların - fermerlərin, mövsümi işçilərin və ekoloji cəhətdən əlverişsiz bölgələrin sakinlərinin həyatına mənfi təsir göstərir. O, iqlim dəyişikliyinə qarşı mübarizənin məşğulluq proqramları ilə inteqrasiyası üçün hərtərəfli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı Özbəkistanın BMT tərəfindən ekoloji innovasiya və texnologiya zonası elan edilmiş Aral dənizi regionunun sosial-iqtisadi inkişafı üçün yeni bir model işə salmaq niyyətində olduğunu bildirib və bu təcrübəni qlobal ictimaiyyətlə bölüşməyə hazır olduğunu deyib.

Chosen
12
2
azerbaijan-news.az

3Sources