EN

Tiflis "Tramp yolu"ndan qorxur

BusözləriGürcüstanın Nəqliyyat Dəhlizi Tədqiqatları Mərkəzinin direktoru Paata Çaqareişvili İrəvanda keçirilən "Orbeli Forumu 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın inşası" beynəlxalq konfransında dilə gətirib. Onun fikrincə, regionda meydana gələn "nəqliyyat islahatları" çərçivəsində əvvəla avtomobil yolları açılacaq.

"Dəmir yolunun Ermənistandan keçən hissəsi hələ qeyri-müəyyən vəziyyətdə qaldığına görə bu xidmətin açılması hələ təqribən 5-6 il çəkəcək. Region ölkələri bu müddəti logistika marşrutları üzərində təhlillər aparmaq, onları yenidən qurmaq üçün işlədə bilərlər.Gürcüstana gəlincə, ərazimizdən hər il təqribən 18-20 milyon ton yük daşınır; yeni şəraitdə isə bu yükdaşıma axınının 15-20%-ni itirmək təhlükəsi var.Bu, böyük itkidir. Gürcüstan öz rəqabət qabiliyyətini qorumaq məqsədlə addımlar atmalı, tarif siyasətini nəzərdən keçirməli, infrastrukturu möhkəmləndirməli, yük daşıyıcılarında ölkəmizə maraq oyatmalıdır",- mütəxəssis bildirib.

(Gürcüstanın Nəqliyyat Dəhlizi Tədqiqatları Mərkəzinin direktoru Paata Çaqareişvili)

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.
Kavelaşvili Trampa:"Bəs Gürcüstan?"

Hələ sentyabrın 1-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinin bu layihədən kənarda saxlanılması ilə əlaqədar öz "təəssüf"ünü dilə gətirmişdi. O, Donald Trampa ünvanladığı açıq məktubda yazırdı:

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək göstərdiniz, Türkiyə ilə fəal əməkdaşlıq qurdunuz, hətta Rusiya Prezidenti Vladimir Putinlə tərəfdaşlığı canlandırdınız. Halbuki sizin hökumətiniz Gürcüstan haqqında bir kəlmə də dilə gətirmir. Dediyim kimi, belə bir münasibət cəmiyyətimizdə çaşqınlıq yaradır. Deyirlər, son bir neçə ayda dünyanın yarısında vəziyyəti dəyişmisiniz, ancaq hökumətinizin ölkəmizə diqqət göstərmədiyini nəzərə alsaq, regionda sülh naminə atdığınız addımların səmimiliyi şübhə doğurur".

Firudin Həmidli
AzVision.az
Chosen
24
1
azvision.az

2Sources