EN

Dövlət 2026-cı ildə 450 min vətəndaşın məşğulluğunu dəstəkləyəcək - ƏƏSMN

“Büdcə layihəsinə əsasən İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5% çoxdur.
İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15% çoxdur”. 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 51,9 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat proqnozlaşdırılır. 

“Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 28,1 milyon manat çoxdur. 

Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 4,3%, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 18% artımla proqnozlaşdırılmışdır”.

Anar Əliyev qeyd edib ki, proqnozlaşdırılan xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və 1 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.

“Ümumilikdə 2026-cı ildə İSF vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.Qeyd etmək lazımdır ki, 2025-ci il 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxslər işlə təmin edilmişdir. 2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir” – deyə o bildirib.

Chosen
35
4
modern.az

5Sources