EN

Gürcüstandan Zəngəzur açıqlaması: Bizim üçün baha başa gələcək

BAKI, 5 noyabr. TELEQRAF

“Gürcüstan Azərbaycan, Türkiyə və Ermənistan arasında yeni nəqliyyat marşrutlarının (Zəngəzur dəhlizinin – red.) açılmasından sonra tranzit yüklərinin 20 faizədək hissəsini itirmək riski ilə üzləşə bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Nəqliyyat Dəhlizlərinin Tədqiqat Mərkəzinin direktoru Paata Saqareişvili Ermənistan KİV-ə deyib.

Ekspertin sözlərinə görə, regionda yeni nəqliyyat xətlərinin açılması halında ilk olaraq avtomobil yolları fəaliyyətə başlayacaq, çünki dəmir yolu əlaqələrinin işə düşməsi üçün hələ 5–6 ilə yaxın vaxt tələb olunur, xüsusilə Ermənistan hissəsində hələlik iş başlamayıb.

“Bu müddət ərzində region ölkələri logistika marşrutlarını təhlil edib yenidən qurmaqla məşğul olacaq. Ermənistanla Azərbaycan arasında yeni istiqamətlərin açılması qaçılmaz olaraq Gürcüstan üzərindən keçən yük axınını azaldacaq, itkilər təxminən 1,5-2 milyon ton səviyyəsində ola bilər”, - Saqareişvili qeyd edib.

Onun hesablamalarına görə, bu rəqəm Orta Dəhliz üzrə tranzit yük axınının 15-20 faizinə bərabərdir. Hazırda Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır.

Ekspert vurğulayıb ki, bu miqyasda itkilər son dərəcə ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, Gürcüstan rəqabət qabiliyyətini qorumaq üçün artıq bu gündən addımlar atmalıdır, tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastruktur inkişafını sürətləndirməli və yükdaşıyıcıları stimullaşdırmalıdır.

Chosen
51
teleqraf.com

1Sources