EN

Məşqçiliyin daşını ömürlük atsın, başqa işin qulpundan yapışsın - Nəticə verməsə

«Sumqayıt» Saşa İliç gələndən ən yaxşı oyununu «Araz-Naxçıvan» qarşı keçirdi.

Tanımaq olmadı onları - qələbə üçün özlərini öldürməyə hazır bir komanda təəssüratı yaratdılar.

Həmişə belə mübarizə aparsaydılar, nə var idi ki… İndiyə liderlər qrupunda yer almışdılar.

Həmişə demişik, indi deyirik, yenə də deyəcəyik - «Sumqayıt» heç vaxt olmadığı qədər güclü heyət yığıb bu mövsüm.

Gül kimi, çiçək kimi, bal kimi.

İliç bu komandayla nəticə verməsə, ona məsləhətimiz odur ki, məşqçiliyin daşını ömürlük atsın, başqa işin qulpundan yapışsın.

«Araz-Naxçıvan»la qarşılaşan «Sumqayıt»ın dirənişini birinci sırada qeyd etməliyik. Hesabı açan, sonra yenik duruma düşən ev sahibləri oyundan qopmadı, geridönüş etməyi bacardı.

Roi Kehat doqquz həftəlik qol susqunluğunu dublla pozdu, bir-birindən gözəl iki zərbəylə adını tabloya yazdırdı.

İsrailli yarımmüdafiəçi «Sumqayıt»dan yana həssas nöqtədir. Oyunu alındığı gün mütləq nələrsə edir meydanda.

Eyni sözlər Ronaldo Vaskesə də aiddir. Dominikanlı hücumla yarımmüdafiə arasında kilid adamdır: əhvalı yerindədirsə, çox iş görəcək.

Rüstəm Əhmədzadə çalışır, vuruşur, gəl ki, qol vurmaqla sən deyən arası yoxdur. Son dəqiqələrdə qapıçıyla üzbəüz qaldığı epizodda topa o cür toxunuş edən hücumçunu bağışlamaq olmaz.

Bu imkanı qaçıran ön xətt oyunçusunun yeri ehtiyat skamyadır.

ELXAN

Chosen
15
sportinfo.az

1Sources