EN

Qan xərçənginin müalicəsində yeni və təhlükəsiz üsul tapıldı

Xosep Karreras Leykoz İnstitutunun alimləri qan xərçənginin (leykozun) müalicəsində yan təsirləri olmayan yeni bir yanaşma üzərində araşdırma aparıblar. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” (“SciAdv”) jurnalında dərc olunub.

Alimlərin fikrincə, H2A makrohiston ailəsinə aid üç zülal variantından hər hansı birinin çıxarılması, orqanizmə zərər vermədən leykozla mübarizədə effektiv üsul ola bilər.

Leykoz zamanı sümük iliyində anormal leykoz hüceyrələri toplanır və normal qan əmələgəlmə prosesi zəifləyir. Bu növ xərçəngin müalicəsi tibbdə ən çətin məsələlərdən biri sayılır, çünki xəstəlik çox vaxt müalicədən sonra təkrarlanır.

Hazırda alimlər xromatinlə (genetik məlumatın saxlandığı və genlərin fəaliyyətini tənzimləyən quruluş) bağlı yeni terapevtik hədəflər axtarırlar. Xromatinin quruluşunu qoruyan histon sinfinə daxil olan “macroH2A” zülalları da bu prosesdə mühüm rol oynayır. Məlumdur ki, histonlardakı mutasiyalar leykozun inkişafına səbəb olur, lakin onların fəaliyyətini dayandırmaq riskli sayılır, çünki bu zülallar sağlam hüceyrələrin yaşaması üçün vacibdir.

Tədqiqat çərçivəsində alimlər sağlam siçanlarda “macroH2A” zülalının üç variantının ayrı-ayrılıqda çıxarılmasının nəticələrini araşdırıblar. Yalnız “macroH2A1.1” variantının çıxarılmasından sonra yüngül böyrək pozuntuları müşahidə edilib. Mütəxəssislər bunun metabolik dəyişikliklə — yağ mübadiləsindən karbohidrat mübadiləsinə keçidlə əlaqəli olduğunu bildiriblər. Bu təsir isə sadə pəhriz düzəlişləri ilə aradan qaldırılıb.

Alimlərin qənaətinə görə, “macroH2A” üzərində təsir göstərmək insan orqanizmi üçün də təhlükəsiz ola bilər.

Tədqiqatçılar belə nəticəyə gəliblər: “Yeni məlumatlar kəskin mieloid leykozun müalicəsi üçün dərmanların hazırlanmasında yeni imkanlar açır. Bu, əvvəllər terapiya üçün çox riskli sayılan zülalların əslində effektiv və təhlükəsiz hədəf ola biləcəyini göstərən mühüm bir elmi kəşfdir".

Samir
 

Chosen
28
hit.az

1Sources