EN

Çay evinin qarşısında tanışlarını bıçaqlayan şəxs və dostuna nə qədər cəza verildi?

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Akif Məlikli və tanışı Saqif Səfərovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttiham aktına görə, hadisə 2023-cü il martın 4-də, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Qala” çay evinin qarşısında qeydə alınıb.


Belə ki, Akif Məlikli tanışı Saqif Səfərovla birlikdə bir qrup şəxs halında ictimai yerdə, cəmiyyətdə insanlar arasında formalaşmış davranış və birgəyaşayış qaydalarına, eləcə də əxlaq və mənəviyyat normalarına zidd hərəkətlər edib.


Belə ki, o, ətrafda insanların çox olmasına baxmayaraq, zərərçəkmişlər - Səlim, Saleh, Əli (adları şərtidir) və digər şəxslərlə aralarında yaranan mübahisə zamanı qabaqcadan əlbir olduğu Saqiflə birgə onlara hücum edib. Mübahisə zamanı onlar qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirilər. Bu zaman Akif Səlimin qarın, Salehin isə kürək nahiyəsinə hər birinə ayrı-ayrılıqda deşici-kəsici alətlə zərbə vuraraq xəsarət yetirib.


Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Məlikli 9 il və Saqif Səfərov isə 5 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 

Tarix: 5 Noyabr 2025, 10:00   
Chosen
23
pravda.az

1Sources