EN

Norveçin ən böyük fondu 1 trilyon dollarlıq ödəniş təklifini rədd etdi

ain.az, Azpost saytına istinadən bildirir.

Norveçin Dövlət Yığım Fondu “Tesla” şirkətinin rəhbəri İlon Maska təklif olunan yeni kompensasiya paketini dəstəkləməyib. AzPost “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, dünyanın ən böyük suveren investisiya fondu olan bu qurumun aktivləri təxminən 1,9 trilyon dollar təşkil edir.

Məlumata görə, “Tesla” rəhbərliyinin təklif etdiyi kompensasiya paketi 1 trilyon dollara yaxın məbləğdədir. Bu ödəniş yalnız şirkətin bazar dəyəri 8,5 trilyon dollara çatarsa reallaşacaq. Hazırda bu göstərici təxminən səkkiz dəfə azdır.

Fondu idarə edən Norveç Mərkəzi Bankının investisiya bölməsi – Norges Bank Investment Management – təklifin miqyasından narahatlığını bildirib. Bu qərar “Tesla”nın böyük səhmdarları arasında ilk etiraz siqnalı kimi qiymətləndirilir.

Məsələ 6 noyabrda şirkətin illik səhmdarlar yığıncağında səsverməyə çıxarılacaq. Həmin iclasda həmçinin İlon Maskın rəhbərliyinə dair digər məsələlər və onun şəxsi startapı olan “xAI” layihəsinə “Tesla” tərəfindən potensial investisiya da müzakirə ediləcək.

Qeyd edək ki, Norveç fondu ötən il də oxşar qərar vermiş və Mask üçün 2018-ci ildə təsdiqlənmiş yüksək məbləğli ödəniş paketinə qarşı çıxmışdı. Həmin müqavilə daha sonra Delaver ştatının məhkəməsi tərəfindən ləğv edilmişdi və hazırda “Tesla” bu qərarın Ali Məhkəmədə yenidən baxılmasına çalışır.

“Tesla” İdarə Heyətinin sədri Robin Denholm isə oktyabrın sonunda açıqlamasında bildirmişdi ki, səhmdarlar bu ödənişi dəstəkləməsələr, Mask şirkətdən ayrılmaq qərarı verə bilər. Onun sözlərinə görə, Mask “Tesla”nın süni intellekt, tam avtopilot və “Optimus” adlı robot platforması kimi əsas layihələrinin həyata keçirilməsində həlledici fiqurdur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
19
azpost.info

10Sources