EN

Qazaxıstanda suitilərin kütləvi ölümünün mümkün səbəbi açıqlanıb

Bakı, 5 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Xəzər dənizinin sahilində, Qazaxıstanın Tupkaragan rayonunun Bautino kəndi yaxınlığında suitilərin cəsədləri aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.

Məlumata görə, Qazaxıstanın “Qırmızı kitab”ına daxil edilmiş və dəniz sahilində tapılan 100-dən çox Xəzər suitisinin ölüm səbəbi ehtimal ki, zəifləmiş immunitet sistemi və nəticədə yaranan infeksiyadır.

“Hidrobiologiya və Ekologiya İnstitutunun tədqiqatçıları bildirirlər ki, suitilər bir aydan çoxdur ölüb, lakin yalnız bu yaxınlarda qərb fırtınası nəticəsində Tupkaragan rayonunun sahillərinə çıxarılıb. Uzun illər aparılan tədqiqatlara əsasən, suitilərin ölüm səbəbləri zəifləmiş immunitet sistemi və bədənin ümumi müqaviməti ilə bağlıdır ki, bu da onları yoluxucu xəstəliklərə həssas edir”, – nazirlikdən bildirilib.

Komitə qeyd edib ki, mütəxəssislər sahil xəttinin monitorinqini davam etdirir, mümkün olduqda heyvan qalıqlarından nümunələr toplayır və cəsədlərin utilizasiyası ilə məşğuldurlar.

Xəzər suitisi yalnız Xəzər dənizində rast gəlinən endemik növdür və dəniz ekosisteminin sağlamlığını qiymətləndirmək üçün bioindikator rolunu oynayır.

 

Chosen
26
6
azertag.az

7Sources