Azərbaycan futzal millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığmamız startda Liviya ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Millimiz 9 qolun vurulduğu matçdan 5:4 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda 6 noyabrda Özbəkistanla, iki gün sonra isə meydan sahibi Səudiyyə Ərəbistanı ilə görüşəcək.
Azərbaycan yığması İslamiadada 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı ilə təmsil olunacaq:
Qapıçılar: Kamran Hacıyev ("Neftçi" İK), Cavad Məmmədov ("Baku Fire").
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi "Neftçi" İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı "Araz-Naxçıvan"), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı "Baku Fire"), Oqtay Mahmudzadə (U-19).
İslamiadanın rəsmi açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.
VI İslam Həmrəyliyi Oyunları
A qrupu
4 noyabr
Liviya – Azərbaycan 4:5
Qollar: Abdulrahim Alserksia, 2; 27. Mohamed Qaeb, 11. Ahmed Alyumni, 39 - Fərid Abbasov, 1; 21; 33. Mirzə Əmirov, 36; 37.
Ər-Riyad. "Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi".