EN

Fransa-Ermənistan hərbi əməkdaşlığının qara səhifələri açılır...


Bəhruz Quliyev: “Parisin bu davranışı Cənubi Qafqazda sülh təşəbbüslərinə etimadsızlıq yaradır”

Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, Fransa 2023–2024-cü illərdə Ermənistanla ümumi dəyəri 274 milyon avrodan çox olan silah tədarükü müqavilələri imzalayıb. Sənəddə qeyd olunur:

“Yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi tamamilə müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda yaradılan Fransanın müdafiə missiyası isə erməni tərəfdaşlarla daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın optimal formatlarının müəyyən edilməsinə imkan verəcək”.

Hesabatda həmçinin vurğulanır ki, Fransa Ermənistana “Sezar” tipli özüyeriyən haubitsalar, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir.

Cənubi Qafqazda məhz indiki həssas məqamda Fransanın bunu rəsmən bəyan etməsi nə deməkdir? Bu, iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh sazişinə təhdid deyilmi?

“Bu sıradan bir texniki hesabat deyil, siyasi mesaj daşıyır və bölgədə sülh gündəmini açıq şəkildə zərbə altına qoyur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev Fransanın bu addımına bir neçə prizmadan yanaşdı: “Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda Ermənistanla 274 milyon avrodan çox dəyəri olan silah tədarükü müqavilələrinin rəsmən təsdiqlənməsi Cənubi Qafqazda gərginliyin azaldılmasına deyil, əksinə, onun dərinləşməsinə xidmət edir. Bu bəyanat sıradan bir texniki hesabat deyil, o, siyasi mesaj daşıyır və bölgədə sülh gündəmini açıq şəkildə zərbə altına qoyur. Məsələ ondadır ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aktiv fazada olduğu, delimitasiya və kommunikasiya məsələlərinin müzakirə olunduğu bir vaxtda Fransa kimi NATO ölkəsinin Ermənistana “Sezar” tipli haubitsalar, tank əleyhinə raketlər və digər döyüş vasitələri göndərməsi “müdafiə xarakterli” addım kimi təqdim olunsa da, reallıqda bu, bölgədə hərbi balansı dəyişmək cəhdidir. Parisin bu davranışı Cənubi Qafqazda sülh təşəbbüslərinə etimadsızlıq yaradır və Ermənistan rəhbərliyinə təhlükəli illüziyalar bəxş edir. Əslində Fransa son illər Ermənistanın siyasi və diplomatik dayağına çevrilməyə çalışır. Lakin bu, nə Ermənistanın təhlükəsizliyinə, nə də regionun sabitliyinə xidmət edir. Əksinə, Fransa regiondakı geosiyasi dinamikanı öz maraqlarına uyğun yönləndirmək, Azərbaycan-Türkiyə əməkdaşlıq xəttinə qarşı balans yaratmaq niyyəti güdür. Bununla belə, regionda sabitlik və uzunmüddətli sülh yalnız hərbi təchizat və revanşist ritorika ilə deyil, qarşılıqlı etimad və reallığın qəbul edilməsi ilə mümkündür. Azərbaycan sülh sazişinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Fransanın bu addımı isə həmin prosesi uzatmaq, Ermənistanı yanlış istiqamətə yönləndirmək və bölgəni Qərb-Rusiya qarşıdurmasının yeni meydanına çevirmək məqsədi daşıyır. Görünən budur ki, Fransa tərəfindən bu məqamda silah tədarükü və onun açıq şəkildə bəyan edilməsi təkcə diplomatik etikaya zidd deyil, həm də regionda sülh sazişi perspektivlərinə real təhdiddir. Cənubi Qafqazda sabitlik xarici müdaxilələrlə deyil, regional məsuliyyət və əməkdaşlıq əsasında təmin oluna bilər. Hesab edirəm ki, Ermənistan bu reallığı yaxşı bilir və ona görə də bölgədə sülhə nail olmaq üçün xarici müdaxilələrə imkan verməməlidir”.

Vidadi ORDAHALLI

Chosen
42
baki-xeber.com

1Sources