EN

Xəzər al qan rənginə boyandı

Son günlər Xəzərin Zirə, Türkan və Hövsan sahillərində müşahidə olunan qəribə mənzərə sosial şəbəkələrdə böyük narahatlıq yaradıb.

Musavat.com-un redaksiyasına göndərilən fotolarda Xəzər dənizinin suyu qırmızı rəngə boyanmış kimi görünür. Sahil boyunca yayılan bu qızartılı suların üstündə köpüklər əmələ gəlib, dənizdən isə kəskin, dözülməz iy gəlir.




Sakinlərin sözlərinə görə, bu hadisə artıq bir neçə müddətdir ki, müşahidə olunur. Türkan, Hövsan, həmçinin yaxın ərazilərdə yaşayanlar bildirirlər ki, əvvəllər də dənizdə müəyyən rəng dəyişmələri olurdu, amma bu dəfəki qədər güclü və kəskin qoxulu hal ilk dəfədir baş verir.

Mütəxəssislərin fikrincə, dəniz suyunun belə rəng alması təsadüfi deyil. Bu, ya bioloji proseslərin – yəni müəyyən növ yosunların kütləvi şəkildə çoxalması (elmi dildə “qırmızı gelgit” adlanır), ya da sənaye tullantılarının dənizə axıdılması ilə bağlı ola bilər.

9b7b3de4-ad10-4148-b93e-3d16145bd793.jpg

cingiz11.jpg


Ekoloq, professor Çingiz İsmayılov məsələ ilə bağlı Musavat.com-a bildirib ki, bu cür mənzərə əsasən iki səbəbdən yaranır:

“Birincisi, suyun temperaturu və duzluluğu dəyişəndə bəzi mikroskopik yosun növləri sürətlə çoxalır və suya qırmızı, bəzən də narıncı rəng verir. Amma belə hallarda qoxu çox güclü olmur.Əgər dənizdən kəskin kimyəvi iy gəlirsə, deməli, bu, bioloji deyil, kimyəvi çirklənmədir. Suyun analizi aparılmamış nəsə bir söz demək mümkünsüzdür. Fiziki və kimyəvi analiz aparılandan sonra səbəblər tapıla bilər.

Türkan və Hövsan ərazilərində yaxınlıqda sənaye müəssisələri, emal zavodları var. Əgər onların tullantı suları birbaşa dənizə axıdılırsa, bu, rəng və qoxu dəyişikliyinin əsas səbəbi ola bilər”.

08df011b-a1fd-4861-9be2-a668271c4b27.jpg


Dənizdən gələn kəskin iy həm ekoloji, həm də sağlamlıq baxımından təhlükə siqnalıdır. Əgər bu qoxu sulfid və ya ammonyak tərkibli qazların buxarlanması ilə bağlıdırsa, o zaman hava da çirklənə bilər. Uzun müddət bu qazların təsirinə məruz qalmaq insanlarda baş ağrısı, tənəffüs çətinliyi və ürəkbulanma yarada bilər.

Hövsan sakinlərindən biri əməkdaşımıza deyib ki, axşam tərəfi dənizə yaxınlaşmaq olmur:

“Qoxu elə bil çürük kimyəvi maddə kimidir. Bəzən elə bil dizel və ya mazut qoxusu gəlir. Uşaqlar dənizə yaxın getmir, hamı qorxur”.

Müstəqil ekspertlər hesab edir ki, bu cür hallar son illər Xəzərin ekosistemi üçün ciddi təhlükəyə çevrilib. Suyun səviyyəsinin azalması, kanalizasiya axıntıları və sənaye tullantılarının artması nəticəsində dənizdə oksigen çatışmazlığı yaranır. Bu da bioloji tarazlığın pozulmasına gətirib çıxarır.

1726570708224014972_1200x630.jpg

Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov sayta açıqlamasında bildirib ki, Xəzərin həmin hissələrində çirkab suları dənizə axıdılır:

“Həmin yerlərdə kanalizasiya suları dənizə tökülür. Bu isə yosun və xərçənglərin suda aktivləşməsinə səbəb olur. Onlara azot və fosfor lazım olur ki, bu maddələrdə məişət suları ilə dənizə daxil olur. Bir sözlə, yeganə səbəb təmizlik qurğularının lazimi səviyyədə işləməsi belə vəziyyəti yaradır”.

08df011b-a1fd-4861-9be2-a668271c4b27.jpg


Tarixə baxanda məlum olur ki, Xəzər dənizi sonuncu dəfə bu cür rəng dəyişikliyini 2010-cu illərin əvvəllərində – Sumqayıt sahillərində müşahidə edib. Həmin vaxt ekoloqlar bunu “qırmızı cərəyan” adlandırılan bioloji hadisə ilə izah etsələr də, sonradan araşdırmalar göstərmişdi ki, sənaye tullantıları bu prosesdə əsas rol oynayıb. İndi isə oxşar mənzərə yenidən təkrarlanır, amma bu dəfə daha geniş ərazini – paytaxta yaxın Türkan və Hövsanı əhatə edir.

Bu mənzərə bir daha göstərir ki, Xəzər dənizi illərlə davam edən laqeydliyin, nəzarətsizliyin qurbanına çevrilib. Bir zamanlar “dünyanın gözü” adlandırılan Xəzər indi qırmızıya boyanıb, sanki kömək istəyir.

Əgər bu prosesin qarşısı alınmasa, yaxın illərdə Xəzərin ekosistemi bərpaolunmaz zərbə ala bilər. Dəniz artıq səssiz deyil – rəngi dəyişib, iy gəlir, sanki deyir: “Məni xilas edin. ”Bir zamanlar “dünyanın gözü” adlandırılan Xəzər indi qırmızıya boyanıb, sanki kömək üçün hayqırır.

Bu fəlakətin qarşısını almaq üçün nəzarət, məsuliyyət və ictimai təzyiq lazımdır - çünki Xəzər dənizi artıq səssiz qalmır.


Chosen
13
4
ekologiya.az

5Sources