EN

Qırğızıstan nümayəndələri AHİK-də

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ölkəmizin əmək hüquqları sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.

Mərasimdə Azərbaycan və Qırğızıstan dövlət başçılarının siyasi iradəsi, dostluq münasibətləri nəticəsində ölkələrimiz arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyi qeyd olunub. Bütün bunlar Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün də geniş imkanlar açır.

Görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib, üzvlərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması istiqamətində görülən işlərdən, tətbiq olunan yeniliklərdən və həyata keçirilən layihələrdən bəhs olunub.

Qeyd edilib ki, Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təlimlər və ixtisasartırma kursları, əmək hüquqları, əməyin mühafizəsi və digər mövzularda maarifləndirmə tədbirləri keçirilir. Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri də Mərkəzdə təşkil edilən informasiya təhlükəsizliyi, süni intellekt və əmək hüquqlarına dair təlimlərdə iştirak edəcəklər.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde azərbaycanlı həmkarları ilə əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüş çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sonra qonaqlar AHİK-də “Çağrı Mərkəzi”nin fəaliyyəti, “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq olunan yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar. 

Qabil YUSİFOĞLU
XQ

 

Chosen
39
15
xalqqazeti.az

10Sources