EN

Eldar Əmirov Ramiz Mehdiyevin necə “sağ əli” olub? - Bilinməyən faktlar

BAKI, 4 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs ediləndən sonra onun yaxın adamlarından hesab olunan Eldar Əmirov da saxlanılıb.

Teleqraf-ın araşdırması nəticəsində “Boz kardinal”ın köməkçisi kimi bilən Eldar Əmirovla bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb.

Əvvəlcə, qısa arayış olaraq bildirək ki, Əmirov Eldar Qurban oğlu 1985-ci ildə Bakıda anadan olub. O, 2007-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə isə Kiyev Kadrlar İdarə Edilməsi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

Eldar Əmirov 2015-cı ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Onun dissertasiyanın mövzusu “Azərbaycan xalqının siyasi antropologiyası” olub.

Eldar Əmirov 2017-ci ilin noyabrın 17-dəAzərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Auditoriya proqramı çərçivəsində “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirəyə də qatılıb.

O, müharizəyə Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi kimi iştirak edib. Eldar Əmirov mühazirədə siyasət arenasında müasir vəziyyətin inkişaf təmayülləri və problemlərinə toxunub. O, Azərbaycanda siyasi antropologiyanın inkişaf perspektivləri, eyni zamanda Rusiya və Türkiyə təcrübəsində bu məsələlərin diqqətlə öyrənilməsindən bəhs edib.

Tədbirdə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin də iştirak edib.

Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olan Eldar Əmirov daha sonra şefi ilə birlikdə AMEA-ya gəlib. Hamıya bəlli olduğu kimi, o, Ramiz Mehdiyevin dönəmindəAMEA prezidenti katibliyinin rəisi vəzifəsində çalışıb.

Maraqlıdır ki, Eldar Əmirovun AMEA-nın “Elm və həyat” jurnalında çap olunan məqalənin mövzusu da Rusiya ilə bağlı olub. Siyasi elmlər üzrə fəlsəfə doktorunun jurnalın 2021-ci ildə işıq üzü görən ikinci sayında “Rusiyanın dövlətçilik tarixində mütləqiyyət ənənəsinin mənşəyi problemi və rus tarixşünaslığında ona baxış” sərlövhəli məqalə ilə çıxış edib.

Eldar Əmirovun siyasi məqalələri daha əvvəl isə “Geostrategiya” jurnalında çap olunub. O, bu jurnalda ADU-nun Rusşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi kimi çıxış edib. Jurnalın baş redaktoru isə hər kəsin tanıdığı addır –Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov!

Eldar Əmirovun Beynəlxalq ictimai-siyasi, elmi nəzəri jurnalda çap olunan yazılarından biri dekabrın 2-si 2019-cu ilə təsadüf edir.

Bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, 2019-cu ilin 30 aprelində ADU-da Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib. Tədbirdə Ramiz Mehdiyevin adından qonaqları Eldar Əmirov salamlayıb. Bu isə Ramiz Mehdiyevin Prezident Administrasiyası rəhbəri vəzifəsindən azad olunmasından 6 ay əvələ təsadüf edir. Ramiz Mehdiyevin kitab təqdimatı Eldar Əmirova həvalə etməsi, tədbir iştirakçılarını onun adından salamlaması və qeyd olunan tarix tərəflərin işbirliyinin daha öncəyə təsadüf etdiyini isbatlayır. Bu, eyni zamanda Ramiz Mehdiyevin kitablarının məhz Eldar Əmirov tərəfindən yazılması iddialarını da qüvvətləndirir.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyevin işi ilə bağlı məsuliyyətə cəlb edilən E.Əmirov 3 il öncə də polisin qanuni əmrinə tabesizlik göstərdiyi 30 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.

Chosen
15
2
teleqraf.com

3Sources