EN

Elm, iqtisadiyyat, güc: Prezidentin AMEA-dakı əsas vurğuları – ÖZƏL

"Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi çıxış çox əhatəli bir çıxış idi. Burada həm Akademiyanın tarixi müəyyən qədər təhlil olunur, onun inkişaf mərhələləri və qarşısında duran vəzifələr qeyd edilir, həm də hazırda vacib olan yeni istiqamətlər alimlərin diqqətinə çatdırılır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib: Əvvəlcə onu qeyd etmək lazımdır ki, çıxışda Azərbaycan tarixinin əhəmiyyətinə xüsusi toxunulub. Tariximizin daha geniş miqyasda, əhatəli şəkildə araşdırılması və yazılması məsələsinə diqqət yetirilib. Azərbaycan dilinin əhəmiyyəti vurğulanıb ki, bu da olduqca vacib məsələdir. Prezident bildirib ki, sərvətlər azalır, amma intellektual potensial azalmır. Bu fikir intellektual mülkiyyətin böyük önəm daşıdığını göstərir. O, qeyd edib ki, elmi-intellektual potensial real sərmayə ilə birləşdikdə konkret nəticə, yəni iqtisadi və sosial inkişaf yaradır.

"Bundan başqa, çıxışda Azərbaycanın təbii ehtiyatlarının, xüsusilə Qarabağ, Şərqi Zəngəzur bölgələrindəki faydalı qazıntıların araşdırılması və bu resursların xalqın rifahı naminə səmərəli istifadəsində alimlərin rolu vurğulanıb. Həmçinin neft sektorunun inkişafı, müdafiə sənayesinin gücləndirilməsi məsələləri qeyd olunub. Bu sahələrin dünyada ən rentabelli sahələrdən biri olduğu və alimlərin bu istiqamətlərə diqqət ayırmasının vacibliyi bildirilib.
Yeni məhsulların, texnoloji ixtiraların əhəmiyyətindən, onların dünya bazarında artan tələbatından bəhs edilib. Alternativ enerji və "yaşıl enerji" məsələsinə də toxunulub. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğu və bu istiqamətin inkişafına xüsusi önəm verildiyi vurğulanıb," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin fikrincə, bu çıxışda Prezident bir daha göstərdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının ölkənin elmi və siyasi həyatında rolu böyük olmalıdır. Təəssüf ki, bu gün həmin rol zəifləmiş vəziyyətdədir. Prezident sanki Akademiyanın qarşısına vəzifə qoyur ki, artıq bu durğunluqdan, bu passivlikdən çıxmaq, dünyada baş verən proseslərə qoşulmaq lazımdır. 
Prezident, həmçinin qeyd edib ki, bu gün dünyada "güc faktoru" önə çıxıb və həmin gücün formalaşmasında elmin rolu çox böyükdür. Bu gün bir çox kiçik dövlətlərin güclü olmasının əsas səbəbi onların elmi potensialı, elmi inkişafı və intellektual nailiyyətləridir. Elm istər siyasi, istər hərbi, istərsə də sosial-iqtisadi və mədəni sahələrin inkişafında mühüm rol oynayır. 

"Düşünürəm ki, bu çıxışdan sonra Azərbaycan elminin daha dinamik fəaliyyət göstərməsi, ölkə həyatının bütün sahələrinə - iqtisadi, sosial-siyasi, tarixi və mədəni istiqamətlərə daha dərindən nüfuz etməsi üçün yeni imkanlar yaranacaq. Prezidentin dövlət qurumlarına etdiyi çağırışlar da bunu göstərir: elmin potensialından, Akademiyanın imkanlarından bütün istiqamətlərdə istifadə olunmalıdır. Alimlər ölkənin inkişafında fəal iştirak etməlidirlər.
Elmin gücləndirilməsi Azərbaycanın həm regional, həm də qlobal miqyasda rəqabət qabiliyyətinə ciddi töhfə verəcək. Elm intellektual potensialı açır, bu potensial sərmayə ilə birləşdikdə isə o, konkret məhsula - hərbi, sənaye və texnoloji məhsullara çevrilir. Bu da, təbii ki, ölkənin iqtisadi gücünün, hərbi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına gətirib çıxarır. Nəticədə güclü dövlət formalaşır, onun təhsil və elmi imkanları genişlənir. Texnoloji inkişaf məsələsinə də xüsusi diqqət yetirilib. Bu gün dünyada texnologiya ən aparıcı sahədir və bu sahə bilavasitə elmlə bağlıdır," - deyə Əli Mustafa vurğulayıb.

Siyasi şərhçi bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycan elmi inkişaf etdikcə, dünyadakı proseslərə adekvat reaksiya verdikcə, elmi potensial iqtisadi və siyasi təcrübə ilə birləşdikcə, ölkə daha da güclənəcək. Azərbaycan regionda və dünyada nüfuzlu, rəqabətqabiliyyətli dövlətə çevriləcək, xalqın sosial rifahı yüksələcək. Bu çıxış, ümumilikdə, elmin və intellektin ölkənin gələcək inkişafında oynayacağı mühüm rolu bir daha təsdiqlədi.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources