EN

Orta Dəhliz: Qitələrarası inteqrasiyanın yeni mərhələsi müzakirə olundu - YENİLƏNİB/FOTOLAR

Bu gün Bakıda “Orta Dəhliz: ticarət, enerji və rəqəmsal inteqrasiyanın yeni mərhələsi” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, tədbir dövlət himninin oxunması və Ümummilli Lider Heydər Əliyev, eləcə də şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, tədqiqat mərkəzlərinin və akademik dairələrin nümayəndələri iştirak ediblər. Konfransda Orta Dəhlizin qitələrarası əlaqələrin inkişafında rolu, ticarət və tranzit infrastrukturunun təkmilləşdirilməsi, həmçinin region ölkələrinin iqtisadi inteqrasiyasına təsiri müzakirə olunub.

İştirakçılar Orta Dəhlizi qədim İpək yolunun müasir mərhələsi və yeni iqtisadi körpü kimi dəyərləndiriblər. Bildirilib ki, dəhliz multimodal daşımaların genişləndirilməsinə, liman və sərhəd keçid məntəqələrinin modernləşdirilməsinə şərait yaradır, eyni zamanda regional ticarətin stimullaşdırılması üçün böyük potensiala malikdir.Toplantıda həmçinin İpək Yolu regionunda enerji geosiyasəti və böyük dövlətlərin bu sahədəki maraqları təhlil edilib. TRACECA, “Bir kəmər – bir yol”, Zəngəzur və Orta Dəhliz layihələrinin qarşılıqlı əlaqəsi və bu istiqamətdə yaşıl nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı Orta Dəhlizin Avropa İttifaqı üçün enerji dəhlizi kimi rolu da diqqət mərkəzində olub. Qeyd edilib ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi enerji ixrac edən ölkələrin Avropa ilə əməkdaşlığı gələcəkdə Avrasiyada yeni enerji xəritəsinin formalaşmasına imkan yaradacaq.

Tədbirdə iştirakçılar, həmçinin Orta Dəhlizin maliyyə və rəqəmsal ölçülərinə diqqət çəkərək FinteX, DeFi və milli valyutalarla hesablaşma sistemlərinin inkişaf perspektivlərini müzakirə ediblər. Orta Dəhlizin təkcə ticarət və enerji deyil, həm də maliyyə körpüsü kimi əhəmiyyət daşıdığı vurğulanıb.

Bununla yanaşı, kiçik və orta sahibkarlığın (KOB) dəhliz boyunca logistik və investisiya proseslərinə cəlb olunması, azad iqtisadi zonalarda bərabər çıxış imkanlarının təmin edilməsi barədə təkliflər səsləndirilib.
Konfrans çərçivəsində Avrasiyada regional infrastruktur və geosiyasi dəyişikliklər, Xəzər regionunun enerji nəqli imkanları, həmçinin Orta Dəhlizin ali təhsil, tədqiqat və innovasiya layihələrində rolu müzakirə olunub.

Müəllif: İlkin Məmmədkərimov

Chosen
13
1
sia.az

2Sources