EN

Həkim səhvinə görə hansı cəza var? Vəkil danışdı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son dövrlər həkim səhlənkarlığı nəticəsində xəstələrin vəziyyətinin ağırlaşması və hətta həyatını itirməsi ilə bağlı xəbərlərin sayı durmadan artır. 

Yanlış diaqnoz, vaxtında göstərilməyən tibbi yardım və diqqətsizlik kimi səbəblər faciəvi nəticələrə gətirib çıxarır. Lakin belə hallarda məsuliyyət daşıyan bəzi həkimlər səhvlərini qəbul etməkdən çəkinir, özlərini haqlı çıxarmağa çalışır və qanunvericilikdən yayınmağa cəhd edirlər. 

Həkimlər səhvlərinə görə hansı məsuliyyətə cəlb olunur? 

“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. 

O qeyd edib ki, səhvlər nəticəsində xəstənin sağlamlığına ağır zərər dəyirsə və ya ölüm halları baş verirsə, həkimlər Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar: 

“Səhv diaqnozun qoyulması nəticəsində uyğun olmayan dərmanların verilməsi və müalicələrin aparılmasına, ehtiyatsızlıqdan doğuş zədələrinin vurulmasına görə, səhv anesteziya hallarında, yaxud səhv əməliyyatların aparılması ilə əlaqədar olaraq xəstənin sağlamlığına zərər vurulursa, yaxud ölüm halları baş verirsə, həkimlər məsuliyyət daşıyırlar. 

Belə səhvlər nəticəsində xəstənin sağlamlığına ağır zərər dəyirsə və ya ölüm halları baş verirsə, həkimlər Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yəni Cinayət Məcəlləsinin 124-cü maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan adam öldürməyə görə, şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Əgər ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə faktı baş verərsə, bu zaman iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 

Vəkil bildirib ki, bununla bağlı müəyyən cərimələr var: 

“Cinayət Məcəlləsinin 131-ci maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Ağır zərər vurma isə min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". 

Lakin həkim düzgün diaqnoz qoyub və lazımi tədbirləri görüb müalicə aparıbsa, əməliyyat zamanı vacib müdaxilələri vaxtında və düzgün şəkildə icra edibsə, bütün bunlara baxmayaraq, xəstənin sağlamlığı pozulursa, ölüm baş verirsə, o, hər hansı məsuliyyət daşımır. 

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
1
cebheinfo.az

2Sources