EN

“Nə qədər kifayətdir?” tamaşasına baxış

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.

Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

“DanceAbility Azerbaijan”ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub.

COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin vəziyyətinə və bəşəriyyətin gələcəyinə təsirini tədqiq edir.

“DanceAbility Azerbaijan” şirkətinin direktoru Nigar Sultanova deyib ki, tamaşanın ideyası 2024-cü ilin əsas mövzusuna çevrilən iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ictimai diqqət dalğasında yaranıb. İdeyanın əsasını iştirakçıların illər ərzində diqqətlə qoruduqları əşyalarla bağlı şəxsi hekayələri təşkil edib.

Problemi araşdırarkən “DanceAbility Azerbaijan” komandası hər il dünyada təxminən 92 milyon ton tekstil tullantısının əmələ gəldiyini və insanların əvvəlkindən orta hesabla 36 faiz daha az geyim geyindiyini öyrənib. Məhz bu, kollektivi istehlak mədəniyyətinə və davamlı inkişafa həsr olunmuş “Nə qədər kifayətdir?” adlı tamaşanın yaradılmasına ruhlandırıb.

Tamaşa insan, istehlak və planetin ən vacib resurslarından olan su arasındakı əlaqəni tədqiq edir. Hərəkət, hekayə danışma və kollektiv yaddaş vasitəsilə tamaşa həddindən artıq istehlak, çirkləndirmə və okeanların sağlamlığı arasındakı qarşılıqlı əlaqəni açır, davamlı inkişafı və sirkulyar iqtisadiyyat ideyalarını təşviq edir.

Tədbirin sonunda Nigar Sultanova peşəkar və həvəskar rəqqasları, müxtəlif qabiliyyətlərə və təcrübəyə malik insanları bir araya gətirən layihənin realizəsi üçün dəstəyə və şərait yaradıldığına görə Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlığını bildirib.

XQ

Chosen
9
18
xalqqazeti.az

10Sources