EN

Ceyran Həsənova: “Zəfər bizim qələbəmiz, şəhidlərimizin vətən sevgisinin təntənəsidir”

8 Noyabr - bu gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramın, xalqın bir yumruq kimi birləşməsinin və müstəqilliyimizin əbədiliyinin simvoludur.

“Zəfər bizim qələbəmizdir, müzəffər ordumuzun azad edilmiş torpaqlarda qaldırdığı üçrəngli bayrağıdır. Bu gün xalqımızın birliyinin, gücünün, 30 il gözlədiyimiz azadlığın rəmzidir.”

Bu fikirləri “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, illərlə səbirsizliklə gözlənilən bu gün xalqımız üçün həm qürur, həm də qismən kədər dolu gündür:

“Şükürlər olsun ki, şanlı ordumuz torpaqlarımızı azad etdi, qələbə qazandıq. Antiterror əməliyyatı nəticəsində də müharibə zamanı azad olunmayan ərazilərimiz geri qaytarıldı. Bu, xalqımızın birliyinin və dövlətimizin qüdrətinin göstəricisidir. Artıq Azərbaycan heç kimdən asılı olmayan, tam suveren dövlətdir.”

Şəhid anası kimi duyğularını bölüşən Ceyran Həsənova bildirib ki, torpaqların azadlığı uğrunda şəhid olan qəhrəmanların qanı yerdə qalmayıb:

“Torpaq bizim ata-baba yurdumuzdur. Ali Baş Komandan demişdi ki, ‘mən bilirəm nəyi nə zaman edəcəm’ — və o, sözünü tutdu. Bu gün azad, suveren ölkədə yaşamaq bizim üçün ən böyük qürurdur. Zəfər şəhidlərimizin vətən sevgisinin, qisas hissinin, iradəsinin nəticəsidir. Biz şəhid anaları həm qürur, həm də acı hissi ilə bu günü yaşayırıq.”

O, həmçinin bildirib ki, şəhidlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, bu Zəfər gələcək nəsillər üçün həm borc, həm də müqəddəs əmanətdir:

“Bu torpaqlar bizim uşaqlarımıza, nəvələrimizə əmanətdir. Onlar bu torpaqları qoruyub saxlamaqla şəhidlərin ruhuna hörmət göstərəcəklər. Zəfər tarixi əsrlər boyu xalqımızın qəlbində yaşayacaq.”

 

Pərvanə Fərhadqızı

Chosen
45
qht.az

1Sources