“Meliorasiya ilə bağlı problemə diqqət yönəltməliyik. Bizdə meliorasiyaya 490 milyon manat vəsait ayrılıb. Naxçıvanda 178 min hektardan 55 min hektarı əkinə yararlıdır. Onun da 19 mini dəmyə üsulu, 34 min hektarı birbaşa suvarılan torpaqdır. Belə bir vəziyyətdə Naxçıvan ən çox suya ehtiyacı olan bölgələrdən biri deyil. Araz çayı öz potensialına görə, bütün suvarma problemini həll edə bilər. Amma suvarma olmadığına görə, məhsuldarlıq aşağı düşüb və bu sahədə məşğulluq minimuma enib”.
Paralel.az xəbər verir ki , bunu deputat Fazil Mustafa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Ermənistanla münasibətlər qurulur:
“Bizim Ermənistanla rifah səviyyəsinə görə müqayisə oluna biləcək ən vacib bölgə Naxçıvandır. Statistik rəqəmlərə görə, bu ilin 6 ayı ərzində Kəngərli və Ordubadda bir dənə də olsun iş yeri açılmayıb. Sədərək və Culfada cəmi bir iş yeri açılıb. 2030-cu ildə bölgələrin inkişafını prioritet olaraq götürürüksə, təbii ki, işğaldan azad olunmuş ərazilərdə böyük işlər görülür. Bu cür templə əhalinin ora qayıtmağa təşviq etməkdə xeyli çətinlik çəkəcəyik.
Təsəvvür edin ki, Araz çayının suyunun 90 faizini İran, ancaq 10 faizini Naxçıvan istifadə edə bilir. Çünki suvarma sistemləri sıradan çıxıb”.