EN

Sahibsiz it, yoxsa nəzarətsiz küçə... Küçələrdə gəzən itlər insanlar üçün təhlükəsizlik probleminə çevrilir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Goranboyda məktəbin qarşısında bir qadına it hücum edib. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyəti silkələyib. Hər kəsin ağlında eyni sual: “Bu dəfə qadın idi, sabah məktəbli uşaq olsa, kim cavabdeh olacaq?” Bu, bir nəfərin, bir itlə qarşılaşması deyil, dövlətin sistemli probleminin bir daha üzə çıxmasıdır.

Küçə itləri problemi artıq illərin mövzusudur. Amma hər dəfə hadisə baş verəndə, müzakirə bir neçə gün davam edir, sonra unudulur. Halbuki bu, sadəcə heyvanlarla bağlı məsələ deyil. Bu, idarəçilik, sosial məsuliyyət və insan təhlükəsizliyi məsələsidir. Küçə itlərinin sayının artması, onların sterilizasiya olunmaması, sığınacaqların azlığı və nəzarətin zəifliyi nəticəsində problemin özü “kütləvi” xarakter alıb.

Belə hadisələrdən sonra sosial şəbəkələrdə həmişə iki qrup yaranır: İtsevərlər, narazı vətəndaşlar. Hər iki tərəf haqlıdır, amma problemin özü “ya o, ya bu” dilemmasında deyil. Əslində, hər iki tərəfin hüququ eyni vaxtda qorunmalıdır. Çünki sahibsiz heyvanlara mərhəmət və vətəndaş təhlükəsizliyi bir-birini istisna etmir.

Bir it qadına hücum edib. Amma bu, problemin səbəbi deyil, sadəcə nəticəsidir. Səbəblər isə sistematikdir: Sterilizasiya və peyvənd proqramlarının qeyri-effektivliyi, bələdiyyələrin və rayon idarələrinin koordinasiyasız fəaliyyəti, heyvan sığınacaqlarının sayının azlığı və şəraitsizliyi, vətəndaşların da məsuliyyətsizliyi, yəni evdə saxladığı iti küçəyə buraxmaq, atmaq. Problem bir küçədəki bir itdə yox, bütün ölkə üzrə işləməyən mexanizmdədir.

Türkiyədə “Küçə heyvanlarının nəzarəti haqqında qanun” var. Hər bir bələdiyyə ildə neçə heyvanı sterilizasiya edib, neçə sığınacaq tikib, hesabat verir. Gürcüstanda hər bir it çipi ilə qeydiyyata alınır və izlənir. Avropada isə küçə iti anlayışı demək olar ki, yoxdur, çünki bu sistem profilaktik və davamlı şəkildə işləyir. Bizdə isə hələ də “itlər çoxalıb, nə edək?” sualı müzakirə olunur. Halbuki sual belə olmalıdır: “Niyə hər il eyni problemi eyni cür müzakirə edirik?”

Küçə itlərinin aqressiyası, cəmiyyətin etinasızlığının aynasıdır. Biz mərhəməti yalnız “heyvanı incitməmək” kimi anlayırıq, amma insanı qorumaq da mərhəmətin bir formasıdır. Hər dəfə belə hadisə baş verdikdə, cəmiyyət sarsılır, qəzəblənir, mübahisə edir. Amma bu dəfə də unudulsa, növbəti dəfə başlıq eyni olacaq, sadəcə yer adı dəyişəcək.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
icma.az

1Sources