EN

Sakinlər üçün təhlükə saçan SAHİBSİZ KÜÇƏ İTLƏRİ: Ərazidən niyə yığışdırılmırlar? –Kürdəmirdən XÜSUSİ REPORTAJ

Son zamanlar Kürdəmirdə sahibsiz küçə itlərinin sayında kəskin artım müşahidə olunmaqdadır. Bu da öz növbəsində sakinlər üçün yarana biləcək təhlükənin gündən-günə artmasından xəbər verir.

NOCOMMENT.az xəbər verir ki, əvvəllər bu sahibsiz küçə itləri zibil qutularının kənarında yığılırdılarsa, indi artıq onlar sürü halında mərkəzi küçələrə nüfuz etməyə başlayıblar.

Belə ki, sakinlər istər səhər, istərsə də axşam saatlarında qapılarının ağzında peyda olan bu itlərin yaradacağı təhlükədən bezara gəldiklərini deyirlər.

Onlar bildirirlər ki, rayonun elə bir küçəsi yoxdur ki, orada sahibsiz küçə itlərinə rast gəlməyəsən. Bu itlərin əlindən valideynlər uşaqlarını məktəbə özləri aparıb gətirməli olurlar ki, bu da onların həm vaxtını alır, həmdə işlərini çətinləşdirir.

Sakinlərin müraciəti əsasında biz də şəhərin bir neçə mərkəzi küçələrini gəzərək vəziyyətin nə dərəcədə çətin olduğunu öyrənməyə çalışdıq.

Müşahidələrimiz zamanı rayonun əsasən şəhərin Heydər Əliyev, Babək prospektlərində, eləcə də Xanlar, Şəhriyar, Mirzəağa Əliyev küçələrində sakinlərin haqlı olduqlarının şahidi olduq.

Sahibsiz itlər nəinki küçələrdə sürü halında gəzir, hətta sakinlərin qapısının ağzında yatırlar. Bu itlər təkcə uşaqlar üçün deyil, böyük insanlar üçün də real təhlükə mənbəyidir.

Rayon sakinləri Ayaz Əskərov və Xəyyam Şükürov yerli büromuza bildirdilər ki, sahibsiz itlər günün müxtəlif saatlarında azyaşlı uşaqlara və onların özlərinə hücum edib, biz isə müxtəlif vasitələrlə özümüzü qorumağa çalışmışıq.

Onlar bildirir ki, əsas qorxumuz azyaşlı uşaqlardır. Əgər bu itlər azyaşlı uşaqlara qəfildən hücum etsə, təsəvvür edin, onların həyatı üçün neçə təhlükə yarana bilər və onları necə qorumaq olar…

Bunun qarşısı mütləq alınmalıdır və bu küçə itləri yığışdırılmalıdır.

Mövcud vəziyyətlə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdən yerli büromuza bildirildi ki, 2024-cü il ərzində xəstəxanaya sahibsiz küçə itlərinin hücumuna məruz qalan 577 nəfər sakin müraciəti daxil olub ki, bu da bütün yaş kateqoriyalarını əhatə edir. Cari ildə isə it tutması ilə əlaqədar bu günə kimi müəssisəyə 485 sakinin müraciəti qeydə alınıb.

Məsələnin nə dərəcədə təhlükəli həddə olduğunu nəzərə alıb üz tutduq Kürdəmir Rayon İcra Hakimiyyətinə. Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən yerli büromuza şifahi olaraq bildirildi ki, məsələdən xəbərdardırlar və bununla bağlı Kürdəmir rayonunda sahibsiz küçə itləri üçün sığınacaqların yaradılması ilə əlaqədar növbəti ildə torpaq sahəsinin ayrılması və layihələndirilməsi işlərinə başlanacaqdır.

Mövzunu diqqətdə saxlayacağıq.

NOCOMMENT.AZ

Chosen
63
nocomment.az

1Sources