EN

Erkən nikah qızlarda depressiya və təşviş pozuntusu yaradır - PSİXOLOQ

Erkən nikah yetkinlik yaşına çatmamış şəxslərin, xüsusilə də qızların ailə qurmağa məcbur edilməsi və ya bu prosesə cəlb olunması hallarını əhatə edir. Bu hadisə bir çox cəmiyyətlərdə sosial, mədəni və iqtisadi səbəblərlə əlaqələndirilir. Erkən nikah qızların təhsil imkanlarını məhdudlaşdırmaqla yanaşı, onların fiziki və psixoloji sağlamlığına da ciddi zərbə vurur.

Bəs erkən yaşda ailə quran qızlarda ən çox müşahidə olunan psixoloji pozuntular hansılardır? Erkən nikah qadının emosional sabitliyinə və sosial münasibətlərinə necə təsir edir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirib ki, ən çox müşahidə edilən hallar erkən yaşda ailə quran qızlarda psixoloji pozuntularla bağlı olur:

171709

“Bu pozuntular arasında depressiya, anksiyete (narahatlıq), təşviş pozuntusu və panik ataklar müşahidə oluna bilər. Əgər bu hallar vaxtında aradan qaldırılmasa, posttravmatik stres pozuntusu (PTSP), emosional labillik, qəzəb partlamaları və sinir sisteminin idarə edilməsində çətinliklər yarana bilər. Bu şəxslər sosiallaşmada çətinlik çəkə, asosiallaşa, insanlardan uzaqlaşa və güvənsizlik hissi ilə yaşaya bilərlər. Özünə münasibət dəyişər, aqressiv hisslər yaranar. Bu da həm daxilə yönəlmiş, həm də xaricə ifadə olunmuş ola bilər. Ətrafla münasibətlərə də bu aqressiya mənfi təsir göstərər”.

Psixoloqun sözlərinə görə, belə hallarda qızların şəxsiyyət formalaşması prosesi də mənfi təsirə məruz qalır:

“Erkən nikahda olan qızlar hələ şəxsiyyətlərini formalaşdırmadan ailə həyatına düşürlər. Bu səbəbdən özlərini dərk etməkdə, sərhədlərini qorumaqda çətinlik çəkirlər. Öz fikirlərini ifadə edə bilmirlər, tənqidi düşüncələrə qapılır, qərar verməkdə çətinlik çəkir və başqalarından asılı vəziyyətdə yaşayırlar”.

O əlavə edib ki, erkən nikah qadının emosional sabitliyinə və sosial münasibətlərinə də mənfi təsir göstərir:

“Yeniyetməlik dövrü özü-özünü dərk etmə mərhələsidir. Bu dövrdə bir qız həm özünü, həm də ailəni dərk etmək məcburiyyətində qalır. Zamanla daxildə toplanan hisslər stressə, sonra isə psixoloji pozuntulara səbəb ola bilər. Əgər bu pozuntular aradan qaldırılmasa, fiziki sağlamlığa da təsir edə bilər (psixosomatik hallar)”.

Travmatik təcrübələr zamanı şəxslər özlərini ifadə edə bilmədikləri üçün duyğularını bastırırlar:

“Bu da uzunmüddətli stressə və nəticədə psixoloji gərginliyə səbəb olur. Özünü dərk etməyən, sərhəd qoya bilməyən və duyğularını ifadə edə bilməyən şəxslər daim psixoloji təzyiqlərə məruz qalırlar. Erkən yaşda ana olmaq psixoloji cəhətdən çox böyük məsuliyyətdir. Bu yaşda qızlar hələ özlərini ana rolu üçün hazır hiss etmirlər. Ana olmaq üçün psixoloji yetkinlik vacibdir. Özünü ana kimi qəbul etməyən qadın, övladına da sevgisini və hisslərini tam ötürə bilmir. Bu isə uşaqda özgüvənsizlik, dəyərsizlik hissi və emosional bağlılıq çatışmazlığı yaradır.

Hər bir gəncin psixoloji hazırlığı və sosial dəstəyi ön planda tutulmalıdır. Bu prosesdə mütəxəssis yardımı vacib rol oynayır”.

Chosen
14
azedu.az

1Sources