EN

Qazaxıstana daha bir səfər: Aktöbədə gördüklərim, eşitdiklərim, hiss etdiklərim

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu yaxınlarda Qazaxstanın Aktöbə şəhərində Orta Asiyanın bilgəsi, ozan Mönke Biyə həsr olunmuş bynəlxalq festivalın tərkibində “Turanın Öngörücüsü, Yüzilin Bilgəsi Mönke Biy” adlı beynəlxalq elmi simpozium keçirildi. Bu simpoziuma biz də dəvət edildik.

Simpozium haqqında mənə qazax alimi, illərin dostu professor Askar Turganbaev məlumat verdi. Sonda da xüsusi vurğuladı: “Aynur hocam, sənin gəlməyin şərtdir! Dostlarımı özənlə seçirəm. Ona görə də onların xətrinə dəymirəm.”

Bu dəfə də prinsipimə sadiq qalaraq məruzəmi yazdım.

Simpozium proqramını əlimə aldığım zaman Azərbaycandan təkcə mən yox, dosent Nazir Əhmədlinin də qatılacağını öyrəndim. Xoşbəxtlikdən ikimizə də eyni reys ilə bilet alınmışdı. Təəssüf ki, hava limanına çatanda Nazir müəllim bürokratik əngəllərə görə bizimlə uça bilmədi. Mənim ölkədən ilk dəfə təkbaşına uçuşum olmayacağı üçün rahatca təyyarəmin qalxma vaxtını gözlədim. Bundan öncə gecənin bir yarısı Türkmənistana getmişdim. Təşkilatçılar saat fərqini doğru hesablamadıqları üçün hava limanından məni götürmədən ayrılmışdılar. Gecə 3-ün yarısı idi və mən kimsəni narahat etmədən, qorxmadan Türkmən qardaşlarımın əxlaqına bələd olduğum üçün taksiyə oturub otelimə getmişdim.

Bundan əlavə Fransaya dəfələrlə təkbaşına uçmuşdum: İstanbuldan Moskvaya, Mahaçkaladan Antaliyaya, Bakıdan Mineralnıye Vodıya.

Əslində təklikdə uçmağ sevirəm. Ancaq sonuncu dəfə Bakıdan Şicacuanqa (Çinə) olduqca məşəqqətli bir uçuşum olduğu üçün artıq tərəddüdlərim yaranmışdı. Odur ki, azacıq motivasiyamı toparlayaraq təyyarənin vaxtını gözlədim. Əvvəlcə Almatıya, ordan da Aktöbəyə uçacaqdım. Almatı haqqında daha öncə yazdığım üçün indi Aktöbə haqqında yazmaq istəyirəm.

Almatının hava limanı kiçik idi. Binaya girən kimi Qazaxstandan, Özbəkistandan və Türkiyədən gəlmiş bir çox alimlərlə qarşılaşdıq. Hamısı da Mönke Biy üçün təşkil edilən festivala dəvətli idi. Artıq yavaş-yavaş təyyarəmiz qalxarkən bir daha Almatı şəhərinin dağlarla çevrələnmiş bir şəhər olduğunun şahidi olurdum.

Təyyarəmiz Aktöbə hava limanına endi. Həddindən artıq dar, kiçik bir bina idi. Bizi burada olduqca gözəl bir qonaqpərvərliklə qarşıladılar. Milli geyimli qazax qızları əllərində şirniyyat dolu sinilər tutmuşdular.

Daha sonra görəcəkdim ki, Aktöbə Qazaxstanın mədəniyyət beşiyi, tarixi və həm də iqtisadi cəhətdən inkişaf etmiş şəhəridir. Şəhərdə çox yüksək mərtəbəli binalar görmək çətin idi. Ümumiyyətlə, mən yüksək mərtəbəli binaları Almatıda da az gördüm. Görünür, Qazaxstanın ümumi prinsipi belə yüksək mərtəbəli binaları tikməməkdir.

Qaldığımız otaq şəhərin mərkəzində və çox gözəl və səliqəli idi. Otağa girərkən əvvəlcə kral dairəsi verildiyini düşündüm. Ancaq daha sonra başqa qonaqların da otaqlarının eyni cür olduğunu öyrəndim. İkiotaqlı otel otaqları ilk dəfə standart qiymətə satılırdı və bu, maraqlı bir hal idi. Otel işlədənlərdən bunu soruşduqda aldığım cavab möhtəşəm idi: “Qazaxlar qonaqpərvərdirlər, gələn qonaqlara bunu göstərmək üçün otaqlarımızı geniş və rahat etmişik.”

Bu qonaqpərvərlik duyğusu bizə də yabancı deyildi. Ancaq qazaxların düşüncə tərzi də çox gözəl idi.

Türk dünyasının dəyərli alimləri ilə səhər yeməyini yedikdən sonra simpozium üçün Mərkəzi Muzeyin binasına doğru yol aldıq. Bina dörd mərtəbəli idi. Binanın içində konfrans salonu var idi. Açılış toplantısındakı çıxışımızdan sonra mövzumuza maraq göstərilməsindən bir daha qazax xalqının təfəkkür tərzini anlaya bildim. Mənim mövzum “Türk kültüründe şaman-ozan ilişkisi ve geleceği öngörme motifi Mönke Biy örneğinde” idi. Qazaxlar ən çox ortaq dəyərlər haqqında danışmağımdan təsirlənmişdilər. Sanki yeni bir şeylər kəşf etmiş kimi Azərbaycan kimi qazaxların da türk sayılmasının tərəfdarları idi.

Sovet ittifaqı zamanı aparılan bölücü siyasət nəticəsində türk xalqlarının bir-birindən ayrı olduğu haqqında o qədər çox iddialar və propoqandalar ortaya atıldı ki, nəticədə özünün qazax, özbək, azərbaycanlı və s. olduğunu, ancaq türk olmadığını deyən insanlar ortaya çıxmağa başladı. Sovet İttifaqı dağıldıqdan sonra da bu hal dəyişmədi. Ancaq özəlliklə son zamanlar Türk Dövlətləri Təşkilatı (TDT) qurulduqdan sonra Türk xalqlarının bir növ ayılmasının şahidi oluruq. İstər Özbəkistana, istərsə də Qazaxstana öncəki səfərlərim zamanı Türklüyə biganəliyi açıq sezirdim. Daha çox ruspərəstlik görünürdü. Ancaq keçən il Özbəkistana, bu il isə Qazaxstana olan səfərlərim zamanı açıqca türklüyə, yəni soy köklərinə meyllilik görürəm. Bu hal məni, sadəcə, sevindirir.

Konfransın çay fasiləsi zamanı Mönke Biyin soyundan bir nəfər mənə yaxınlaşdı və Mönke Biy yaradıcılığına fərqli aspektdən baxdığım üçün təşəkkür etdi. Onun ulu babasının özəlliklə şamanlarla və Dədə Qorqudla, hətta Manas ilə müqayisəsi çox xoşuna gəlmişdi. Bir qədər diqqətlə üzümə baxdı və Azərbaycan ilə Qazaxstanın çox adətlərinin oxşar olduğunun birbaşa şahidi olduğunu dedi. Gülümsədim. Dedim ki, biz özümüzə istər qazax, istər özbək, istər azərbaycanlı və s. nə deyirik-deyək, onsuz da hamımız Türkük.

Mənimlə çox səmimi bir şəkildə razılaşdı.

Söhbətimiz zamanı anladım ki, bizim "seyid" dediyimiz insanlar qazaxlarda "baxşı" olaraq bilinir. Bu kəşfim məni lap sevindirdi, çünki bir-neçə il öncə professor doktor Metin Ekici Armağanın 2022-ci ilin noyabrında yayınlanan kitabında “Günümüz Büyücülükte Şaman ve Ozan’ın İzleri” adlı məqaləmdə şaman-ozan-baxşı-seyid əlaqəsindən danışmışdım.

Biz ertəsi gün Mönke Biy üçün təşkil edilən möhtəşəm bir festivala qatıldıq. Festival Aktöbə yaylasında 80 qazax çadırının düzülməsi ilə daha da möhtəşəm hala gəlmişdi. Hər çadırda ayrı bir türk gələnəyi icra edilirdi. Qoyun kəsilən, at kəsilən, rəqslər, toxuculuq və s. Hər çadıra girib ayrı bir şəkildə heyran qalırdıq. Samovarlarda qaynadılmış çayları görəndə ürəyim çay içmək istədi. Qazaxlar çayı süd ilə içirlər. Mənə də südlü çay təklif etdilər. Razılaşdım. Südlü çayın yanında özlərinə məxsus yarma gətirdilər. Yarma ilə çay içmək özəlliklə Aktöbəlilərin adəti imiş. Həddindən artıq ləzzətlə çayımızı içib başqa çadırları da gəzməyə davam etdik.

Qonaqlar üçün möhtəşəm konsert təşkil edilmişdi. Bir-birindən gözəl qazax musiqilərini dinlədikdən sonra bizi qonaqlar üçün hazırlanmış ən bəzəkli çadıra dəvət etdilər. Qazax qonaqpərvərliyini göstərən möhtəşəm süfrədə hər şey var idi: at əti, dana əti və quzu ətindən hazırlanmış müxtəlif yeməklər, kımız, yerli salatlar, meyvələr… Bir sözlə, süfrədə barmaq basmağa yer yox idi. Hər şey süfrənin rəngindən, naxışından tutmuş düzülüşünə qədər mənə Dədə Qorqudu xatırladırdı.

Bir anlıq düşündüm ki, əslində biz qazaxlar qədər türklüyümüzü yaşada bilmirik. Bu hal məni çox üzsə də, yenə də bir gün bizim də öz gələnəklərimizi yaşadacaq hala gələcəyimizə olan inamım qalır.

Süfrədə türklərin adətincə əvvəlcə ağsaqqallar, sonra ağbirçəklər, daha sonra gənclər danışdı. Bizə də söz verildi və mən çıxışa hazırlaşarkən “Qarabağ-Azərbaycan” deyib alqış qopardılar. Bir zamanlar məğlubiyyətin verdiyi utanc ilə xarici ölkələrdə başımızı aşağı dikirdik, ancaq indi qürurla başımız dik və çox sevincli bir şəkildə çıxışlarımızı etdik. Bu dəfə də elə oldu. Azərbaycanın Qarabağda qazandığı zəfərin əslində Turanın yaranmasını sürətləndirdiyinə diqqət çəkdik.

Yeməkdən sonra iki gəlin gəlib hər masadan boşqabları olduqca sayğılı bir şəkildə aldı. Mən bunun səbəbini soruşanda izah etdilər ki, bu, ağsaqqallara olan sayğının əlamətidir. Gəlinin ağsaqqal qarşısında baş əyərək boşqabı götürməsi isə ailədaxili hüzur və bərəkətin rəmzidir.

Çadırdan ayrıldıqdan sonra otellərimizə getdik. Ertəsi gün bizi Mönke Biy haqqında hazırlanmış çox gözəl bir tamaşaya apardılar. Etiraf edirəm ki, teatrları əsla bizim teatrların binası qədər möhtəşəm və cah-cəlallı deyildi, sadə idi. Diqqətimizi çəkən o oldu ki, təcili yardım qrupu bizi salonun qapısında hazır gözləyirdi.

Tamaşanın sonunda otelimizə qayıdarkən hər birimizə, yəni simpozium iştirakçılarına iki böyük çanta verdilər. Çantalarda qazaxlara aid xalat, Qazaxstana aid şokolad ilə yanaşı, olduqca şıq paketlənmiş qurud və pendir də gördüm. Qurud və pendir bizim də kültürümüzdə var, ancaq onu bu qədər səliqəli bir şəkildə turistlərə təqdim edə bilmirik. Ümumiyyətlə, biz heç bir dəyərimizi “satmağı” bacarmadığımız kimi, uydurma şeylərə də çox sahiblənirik. Təəssüf ki, ölkədə turizm sektoru ciddi şəkildə geridə qalır.

Belə qarışıq düşüncələrlə otelimizə qayıtdıq. Sabah bizi çox yorucu bir yolculuq gözləyəcəkdi, çünki Aktöbə-Bakı təyyarəmiz həm gecikəcəkdi, həm də qeydiyyatçılar ilə sərnişinlər arasında ciddi gərginlik yaşanacaqdı. Yolçuluğumun son dayanacağının AZAL firması ilə olması məni nə qədər sevindirmişdisə, qeydiyyatçıların pul üçün sərnişinləri incitməsi və təyyarə sərnişinlərinin gərgin və əsəbi şikayət etmələri də o qədər üzmüşdü.

Mən hər şeyə rəğmən, mənəvi qidalanaraq, ruhumu bir az daha zənginləşdirərək Qazaxstandan sevgi və hüzur dolu duyğularla şəhərimin – Bakımın tanış havasını ciyərlərimə çəkməyə tələsirdim.

Aynur Qəzənfərqızı, folklorşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
bizimyol.info

1Sources