EN

TDT: UNESCO tərəfindən verilən qərar Türk dünyasının qlobal səhnədə artan rolunun təsdiqidir

İstanbul, 4 noyabr, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) 15 dekabr tarixinin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edilməsinə dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayımlanan bəyanatda UNESCO tərəfindən verilən tarixi qərarın məmnunluqla qarşılandığı bildirilir. Mətndə deyilir: “Bu mühüm qərar türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır, türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir. Mədəni və dil müxtəlifliyinin qorunmasına həsr olunmuş ən aparıcı təşkilat olan UNESCO çərçivəsində bu günün elan edilməsi, eyni zamanda, Türk dünyasının yüksələn kimliyinin, dəyərlərinin və bugünkü qlobal səhnədə artan rolunun da təsdiqidir.

Bu mənalı təşəbbüsə töhfə verən bütün üzv dövlətlərimizi və müşahidəçilərimizi səmimi qəlbdən təbrik edirik. Türk Dövlətləri Təşkilatı olaraq, ortaq tarixi və mədəni irsimizin tanıdılması, türk xalqları arasında birliyin gücləndirilməsi və ortaq baxışımızın irəlilədilməsi istiqamətində qərarlılığımızı davam etdiririk”.

Chosen
10
3
azertag.az

4Sources