EN

“BELƏ GETSƏ, HƏR İL VERGİLƏR, RÜSUMLAR, CƏRİMƏLƏR ARTACAQ” “Avropa Birliyinin əksər ölkələri bu səhv yolla getdilər və...”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Natiq Cəfərli: “Bu yanlış, iqtisadi aktivliyi məhv edən yoldan geri dönün”

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli hesab edir ki, qarşıda Azərbaycanı vergi və qiymət artımları gözləyir.

“AzPolitika” xəbər verir ki. N.Cəfərli öz sosial şəbəkə hesabındakı paylaşımında hökuməti bu istiqamətdə fəaliyyətinin tənqid edərək, verilən qərarların ölkə iqtisadiyyatını getdikcə daha çox daraldacağını qeyd edib.

N.Cəfərli Avropa Birliyinin əksər ölkələrinin bu səhv yolla getdiyini və indi iqtisadi dalana dirəndiyini qeyd edib: “Ciddi müzakirələr, islahatlar, işlək qərarlar, kiçik-orta sahibkarlara dəstək olacaq vergi-gömrük endirimləri olmasa, gələn ildən başlayaraq hər il, bir daha qeyd edirəm, hər il, ölkədə vergilər, rüsumlar, cərimələr artacaq. Azalan büdcə gəlirlərini vətəndaşlardan təmin ediləcək vəsaitlə qapatmağa çalışacaqlar. Bunun üzərinə mütləq artacaq kommunal qiymətlərini, nəqliyyat xərclərini də gəlin – o zaman vətəndaş üçün daha ağır günlərin olacağını indidən demək olar.

Vergi-rüsum-cərimə dövlətin tək səlahiyyəti deyil, həm də məsuliyyətidir. Ola bilməz ki, dövlət bu səlahiyyətini tam gücü ilə işə salsın, amma, yaranan məsuliyyəti, hesabatlılığı, vətəndaşa xidməti gözardı etsin. Bu, sonda mütləq “ictimai sazişin” pozulmasına gətirib çıxarır.

Hökumət bir ciddi səhv edir, elə bilir ki, vergi-rüsum-cərimə ancaq büdcəni doldurmaq üçün lazımdır. Səhvdir, büdcə insanlara xidmət üçün toplanılır və xərclənilir.

İstənilən ölkədə vətəndaşın vergi-rüsum-cərimə yükü azalanda, mütləq və mütləq onun xərci artır. Xərcləri artanda (daha çox ərzaq, paltar, ev əşyası, maşın, mənzil alır və s.) bu iqtisadiyyata daha çox xeyir verir, yeni iş yerləri yaranır, dövriyyə artır, ÜDM yüksəlir, rifah halı yaxşılaşır. Vətəndaşdan daha çox vergi-rüsum-cərimə alanda nə baş verir? Bəli, o məcburən xərclərini azaldır, daha az istehlak edir, nəticədə iqtisadi aktivlik daralır, ÜDM azalır.

İqtisadiyyat daraldıqca hökumətlər panikaya düşüb yenidən vergi-rüsum-cərimələri artırır, beləliklə də, ÜDM-in azalmasına, iqtisadi aktivliyin daha da zəifləməsinə səbəb olur. Son 20 ildə Avropa Birliyinin əksər ölkələri bu səhv yolla getdilər, indi iqtisadi dalana dirəniblər. İstehlakın azadılmasını böyük uğur, əsas hədəf kimi götürən “sol-qlobalist” və ağılsız nəzəriyyələr ölkələrə ziyan vurdu, vurmaqda da davam edir.

Etməyin, sizə iqtisadiyyatın əlifbasını yazdım, diqqətlə oxuyun, bu yanlış, iqtisadi aktivliyi məhv edən yoldan geri dönün, sonra, yəni “ictimai saziş” pozulanda anlasanız gec ola bilər, indidən 3 addım önünüzü görməyi bacarın...”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
azpolitika.info

4Sources