EN

Dərs demək üçün kilometrlərlə yol qət edən müəllim: “Hər çətinlik sevgi ilə unudulur”

Müəllimlik peşəsi məsuliyyətin, sevginin və fədakarlığın ən ali təzahürüdür. Bu peşəni sadəcə bir iş kimi deyil, həyat missiyası kimi dəyərləndirən müəllimlərimiz var ki, onların hər günü əsl ilham mənbəyinə çevrilir.

Budəfəki müsahibəmiz də məhz belə insanlardandır. O, hər gün Gəncədən Goranboya qədər uzun məsafə qət edərək sevdiyi məktəbə, şagirdlərinin yanına tələsir. Onu bu yolda nə yorğunluq, nə də məsafə dayandıra bilir. Çünki onun üçün müəllimlik sadəcə dərs demək deyil, ürəklərə işıq salmaq deməkdir.

Bu il keçirilən sertifikasiya imtahanının müsahibə mərhələsində maksimum - 40 bal toplayaraq uğur qazanan Aytən müəllim, peşəsinə olan sevgi və sədaqəti ilə seçilən pedaqoqlardan biridir.

AzEdu.az Təhsil Portalı coğrafiya müəllimi Aytən Məmmədova ilə əlaqə saxlayaraq gündəlik həyatından, tədrisə yanaşmasından, uğurunun sirrindən və ən əsası, müəllimlikdə onu irəli aparan dəyərlərindən danışıb.

Müsahibəni təqdim edirik.

- Aytən müəllim, sizi ilk növbədə oxucularımıza daha yaxından tanıtmaq istərdik.

- Mən, Aytən Məmmədova, 1989-cu ildə Göygöl rayonunda anadan olmuşam. Elə həmin rayonda orta təhsilimi başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinə qəbul oldum. 2012-ci ildə həmin fakültəni bitirdim və MİQ imtahanının müsahibə mərhələsində iştirak edərək Daşkəsən rayonu N. Məsimova adına Tapan kənd ümumi orta məktəbinə müəllim kimi işə qəbul oldum.

Həmin məktəbdə 1 il 2 ay fəaliyyət göstərdikdən sonra, 2013-cü ildən etibarən Goranboy rayonunun Quşçular kəndində fəaliyyətə başladım. Hazırda da həmin məktəbdə müəllim kimi çalışıram.

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi sertifikasiya imtahanında test mərhələsindən 45 bal, müsahibə mərhələsindən isə maksimum nəticə əldə etmişəm. Bundan əlavə, ötən il keçirilən IX Qrant layihəsinin qalibi olmuşam və yaxın günlərdə həmin layihə çərçivəsində tədbirin həyata keçirilməsi planlaşdırılır.

- Bu qədər məsafəni hər gün qət etməyinizə və çətinliklərə baxmayaraq, müəllimliyə sizi bağlayan nədir?

171700

- Artıq 12 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Bu dövr mənim üçün asan oldumu? Xeyr, asan olmadı. Lakin bütün çətinliklərə baxmayaraq, bu gün gördüyüm işdən razıyam və daha da inkişaf etmək üçün əlimdən gələni etməyə çalışıram.

Hər birimiz bir ailənin üzvüyük, hamımızın övladları var. İki övlad anası olmağıma baxmayaraq, çalışıram ki, həm ailə üzvlərimə, həm də dərs dediyim məktəbin şagirdlərinə bir müəllim qayğısı ilə yanaşmaqla yanaşı, onlara ana nəvazişi göstərim. Düşünürəm ki, şagird müəllimindən qorxmamalı, ona hörmət etməlidir. Amma bu hörmət qorxudan deyil, sevgidən yaranmalıdır.

Hörmətin iki növü var: biri insanın tutduğu vəzifəyə görə göstərilən formal hörmətdir, digəri isə sevgi ilə gələn səmimi hörmət. Mən istəyirəm ki, şagirdlərim mənə məhz sevərək hörmət etsinlər. Çünki hesab edirəm ki, sevgi ilə görülən hər bir iş ikiqat uğurlu olur.

Hazırda mən Gəncədən Goranboy rayonuna dərs keçmək üçün gedirəm. Təxminən 20 kilometr məsafə qət etməli oluram. Yaşadığım yerdən məktəbə iki yolla getmək mümkündür. Birinci yolda iki marşrut dəyişmək lazımdır, lakin əgər avtobusa vaxtında çatmasam, məcbur oluram dörd nəqliyyat vasitəsi dəyişməyə - üç avtobus və bir taksi. Əgər bu nəqliyyat vasitələrinə də çata bilmirəmsə, o zaman məktəbə taksi ilə getməli oluram. Çünki bu istiqamətdə ardıcıl işləyən marşrut xətləri yoxdur.

- Hər gün Gəncədən Goranboya dərs deməyə getmək məsafə və vaxt baxımından çətin görünür. Bu yolu gündəlik necə qət edirsiniz?

- Təsəvvür edin ki, son üç il ərzində məktəbə iki nəqliyyat vasitəsindən istifadə edərək gedirəm. Ondan əvvəl isə dörd müxtəlif marşrut dəyişməli olurdum. Hətta ailə həyatı qurmamışdan öncə Göygöldə yaşayırdım və oradan gəlmək üçün altı marşrut vasitəsilə məktəbə çatırdım. Dərsdən qayıdarkən isə avtomatik olaraq dörd nəqliyyat dəyişmək lazım gəlirdi. Gedərkən isə yalnız bir şans olurdu ki, iki marşrutla məktəbə vaxtında çata bilim.

- Hər gün məktəbə gedirsiniz?

-Xeyr. Həftənin 3, bəzən də 4 günü dərsim olur.

- Hər gün bu qədər məsafə qət etmək sizə həm fiziki, həm də emosional cəhətdən necə təsir edir? Bu enerjini haradan alırsınız?

171698

- Yəqin ki, “Yol əhvalatı” filminə baxmısınız. (gülür) Mənim üçün illərin təcrübəsi elə bir “yol əhvalatı”na çevrilib. Təsəvvür edin, Gəncədən və digər bölgələrdən olan insanların çoxunu yolda tanıyıram. Bəzən övladlarımla şəhərə gedəndə yolda rastlaşdığım insanlara salam verirəm. Uşaqlarım soruşur: “Bu kim idi?” Mən də gülümsəyib cavab verirəm ki, “onunla avtobusda tanış olmuşam”. Yəni avtobusda tanış olduğum insanlarla belə, zamanla səmimi münasibətlər yaranıb.

Yolda keçən vaxt bizim üçün həm ünsiyyət, həm də enerji mənbəyinə çevrilib. Ən əsası isə, bilmək ki, uzaqda səni gözləyən şagirdlərin var, bu, hər cür yorğunluğu unutdurur. Eyni zamanda evdə səni gözləyən övladlarının olması insana daha da güc verir. Bu iki gözləntini doğrultmaq üçün hər gün yola çıxmağa dəyər.

- Aytən müəllim, sizə heç məktəbə yaxın bir ərazidə qalmaqla bağlı təklif gəlibmi?

Bəli, belə bir hal olub. Mənə təklif etmişdilər ki, işə gedib-gəlməyim çətin olmasın deyə kənddə qalım. Amma mən bu təklifi qəbul etmədim. Mənim üçün ailəmlə bir yerdə olmaq daha vacib idi. Hər gün yolda vaxt keçirsəm də, ailəmin yanında olmaq mənə rahatlıq verir.

- Elə bir an olubmu ki, çətinliklər sizi müəllimlikdən uzaqlaşdırmaq fikrinə salıb?

- Bəli, belə bir dövr olub. İkinci övladım dünyaya gələndən sonra səhhəti ilə bağlı müəyyən problemlər yaşadıq. Şükür ki, indi hər şey qaydasındadır. Həmin vaxtlar bir az sıxılır, narahatlıq hissi keçirirdim. Amma iş yoldaşlarımın dəstəyi ilə bu çətinliyi dəf etməyi bacardım. Bir dəfə şagirdlərə dedim ki, bəlkə də gələn ildən burada işləməyəcəyəm. Onlar isə “müəllim, nə olar, getməyin, biz 11-ci sinfi bitirməmiş heç yerə getməyin, bizi başqalarına əmanət etməyin” dedilər. Halbuki onlar hələ 6-cı sinif şagirdləridirlər. Bu cür sözlər müəllim üçün ən böyük motivasiya mənbəyidir.

- Sizcə, müəllim üçün əsas olan məsuliyyət duyğusudur, yoxsa peşəsinə olan sevgi?

- Doğrudur, müəllimlik çətin peşədir. Amma mən bu çətinliyi məsuliyyət kimi görmürəm. Çünki düşünürəm ki, sevgi ilə görülən iş məsuliyyətdən daha önəmlidir. Məsuliyyət olduqda insan “bunu etməyə borcluyam” deyir, amma sevgi ilə etdikdə “mən bunu mütləq etməliyəm” düşüncəsi yaranır. Bu isə məsuliyyəti də geridə qoyur.

Bütün sahələrin əsasını müəllim formalaşdırır. İnsan hansı yaşda olursa-olsun, onun həyatında müəllimin əməyi var. Sadəcə istədim ki, bu “sehirli çubuq” mənim də əlimdə olsun. (gülümsəyir)

- Şagirdləriniz sizin bu fədakarlığınızı necə qarşılayır?

171697

- Onlara lazım olduqda səsimi yüksəldir, yeri gəldikdə isə ana nəvazişi göstərirəm. Hətta qucaqlayıram da. Evdə övladlarımızın qayğısına necə qalırıqsa, şagirdlərimizə də eyni qayğı ilə yanaşmalıyıq. Təəssüf ki, bəzi şagirdlər valideyn diqqətsizliyi səbəbindən potensiallarını tam göstərə bilmirlər - bu, reallıqdır. Bir sinifdə, məsələn, 20 şagird varsa, onların hamısı “5” ala bilmir. Mən isə çalışıram ki, 45 dəqiqəlik dərs zamanı hər birinə müəyyən bilik qazandıra bilim. Ən azından tədris etdiyim fənnin mahiyyətini onlara başa sala bilməliyəm.

6-cı sinfidən 11-ci sinifə qədər (11-ci sinif daxil olmaqla) dərs keçirəm. Burada bir coğrafiya müəllimi də var. Lakin həmin müəllim tərbiyə işləri üzrə direktor müavini olduğu üçün fənni tədris etmir. Bütün siniflərə demək olar ki, mən dərs keçirəm.

- Sizə görə, “ideal müəllim” kimə deyilir?

- “İdeal müəllim” məncə, hər bir şagirdin qəlbinə toxuna bilən müəllimdir. İlk növbədə, müəllim vətənpərvər, vicdanlı və məsuliyyətli olmalıdır. Ən əsası isə o, şagirdlər arasında fərq qoymamalı, hər birinə fərd kimi yanaşmağı bacarmalıdır.

- Sertifikasiyanın müsahibə mərhələsində maksimum - 40 bal toplamısınız. Ümumilikdə müəllimlərin sertifikatlaşdırılması prosesini necə dəyərləndirirsiniz?

- Müsahibə mərhələsinə özüm hazırlaşmışdım. Tərtib olunan suallar əsasən gündəmdə olan mövzuları əhatə edirdi və düşünürəm ki, hər bir müəllim bu mövzulara bələd olmalıdır. Pedaqoq daim inkişaf etməlidir.

Əlbəttə, sertifikasiya prosesinin çox böyük əhəmiyyəti var. Bu, müəllimlərin yeniliklərdən xəbərdar olmasına, öz üzərində daha çox işləməsinə və peşəkar inkişafına mühüm şəkildə təsir göstərir.

Chosen
37
1
azedu.az

2Sources