EN

BDU-nun rektoru "QS Higher Ed Summit: Asia Pacific 2025" tədbirində iştirak edir

BDU-nun rektoru "QS Higher Ed Summit: Asia Pacific 2025" tədbirində iştirak edir

4–6 noyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində ali təhsil sahəsində Asiya-Sakit okean regionunun ən nüfuzlu beynəlxalq ali təhsil tədbirlərindən biri – "QS Higher Ed Summit: Asia Pacific 2025" keçirilir. Sammitin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir.

AFN.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə iştirak edir. Üç gün davam edəcək sammit çərçivəsində 180 məruzəçinin çıxışlarının nəzərdə tutulduğu sessiyalarda ali təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni tədris və tədqiqat modellərinin tətbiqi, həmçinin universitetlərin qlobal inkişaf proseslərində artan roluna dair müzakirələr aparılacaq.

Sammitin açılış mərasimi Koreya Universitetinin "Inchon Memorial Hall Auditorium" zalında baş tutub. Plenar sessiyada "Quacquarelli Symonds" (QS) şirkətinin baş vitse-prezidenti Ben Sowter və Koreya Universitetinin prezidenti Dong-One Kim açılış nitqləri ilə çıxış ediblər.

Tədbirin fəxri qonağı – Birləşmiş Millətlər Təşkilatının səkkizinci Baş katibi Pan Gi Mun (Ban Ki-moon) ali təhsilin qlobal dayanıqlı inkişafda və beynəlxalq əməkdaşlığın gücləndirilməsində roluna həsr olunmuş əsas çıxışı ilə sammitin ilk sessiyasını açıb. Daha sonra "Happiness Planet" şirkətinin baş icraçı direktoru Dr. Kazou Yano tərəfindən texnologiya və insan rifahı mövzusunda açılış məruzəsi təqdim olunub.

Sammit çərçivəsində regionun və dünyanın müxtəlif ölkələrindən olan universitet rəhbərləri, akademik heyət və ekspertlər təhsilin gələcəyi, rəqəmsal transformasiya, innovasiya və beynəlxalq tərəfdaşlığın yeni modelləri barədə fikir mübadiləsi aparırlar. BDU nümayəndə heyəti də ali təhsildə qlobal qabaqcıl təcrübələrin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi və Universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə sammitin müzakirə və sessiyalarında fəal iştirak edir, həmçinin tədbir çərçivəsində Koreya Universitetində yaradılmış müasir infrastruktur və akademik mühitlə tanış olur.

Qeyd edək ki, artıq 21 ildir təşkil olunan bu sammit müxtəlif regionların ali təhsil liderlərini, biznes və dövlət nümayəndələrini, həmçinin akademik mühitin tanınmış ekspertlərini bir araya gətirərək, ali təhsildə əməkdaşlıq və innovasiyanın inkişafı üçün aparıcı platforma kimi tanınır. Bu il Seulda keçirilən tədbirə 1500-dən çox iştirakçı qatılıb. "QS Higher Ed Summit: Asia Pacific 2025" sammiti Asiya-Sakit okean regionunda ali təhsilin inkişafına dair qabaqcıl ideyaların paylaşılması və universitetlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm beynəlxalq platformadır. Builki sammit "Nəsillərarası uğura ilham vermək: bacarıqların və tədqiqat mühitinin inkişafı" mövzusuna həsr olunub.

Chosen
14
3
afn.az

4Sources