EN

Berdıyevi istefaya göndərmək həvəsi - KÖŞƏ

Ötən tur “Qarabağ”a uduzan “Turan Tovuz” lider kürsüsünü də təhvil verməli olmuşdu.

9-cu tur qərb klubu üçün düşərli oldu. Kurban Berdiyevin yetirmələri aşkar autsayderlərdən “Karvan-Yevlax”ı üstələməklə növbəti 3 xalını qazandı. “Qarabağ”ın da “Şamaxı” ilə oyunda büdrəməsi “Turan Tovuz” üçün lap göydəndüşmə oldu. Məhz bu qarşılaşmanın nəticəsi Tovuz təmsilçisinə 1-ci pilləni özünə qaytarmağa kömək etdi. Düzdü, “Qarabağ”ın bir oyunu ehtiyatdadı və itirilməyən xalların sayına görə məhz ağdamlılar lider sayılır (“Qarabağ” – “İmişli” oyunundan əvvəl yazılıb – red.). Amma “Sabah”la qarşılaşma hələ keçirilməyib və indiki halda “Turan Tovuz” turnir cədvəlinin zirvəsini özəlləşdirib. Sözsüz, bu durum həm tovuzlu azarkeşlərin, həm də “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevin ürəyincədi.

Belədə onların Kurban Berdıyevin işindən razı qalması da başadüşüləndi. Ötən mövsüm xərclənən pulların, yaradılan şəraitin qarşılığında o qədər də inamlı görünməyən və avrokuboklara vəsiqə qazanmayan “Turan Tovuz” üçün bu mövsümün startını uğurlu saymaq olar. Onu da nəzərə almalıyıq ki, Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilir və buna görə də “Turan Tovuz” indiyəqədərki “ev oyunları”nı “Azərsun Arena”da keçirməyə məcbur qalıb. Daim səfərdə oynayan bir komanda üçün 9 tura altı qələbə yaxşı nəticə sayılmalıdı.

Güzəştsiz mübarizə aparan “Turan Tovuz”un bu mövsüm meydandan bərabərliklə ayrılmaması da maraqlı məqamdı. Bəli, etiraf etməliyik ki, Berdıyevin komandası qalib gəldiyi bəzi oyunlarda belə rəqibdən çox da üstün olmayıb. Elə son turda “Karvan-Yevlax” üzərində qazanılan qələbə də asan başa gəlmədi. Amma indiki halda vacib olan nəticədi ki, “Turan Tovuz” da bunu qazanmağı bacarır.

Bizə çatan məlumata görə, klub rəhbərliyi təcrübəli mütəxəssisin işindən o qədər razı qalıb ki, onun müqavilənin müddətini birdən-birə üç il uzatmaq fikrindədi. Allah Berdıyevə cansağlığı versin. Bir halda ki, əcnəbi mütəxəssis “Turan Tovuz” üçün yaxşı işlər görür və rəhbərliklə azarkeş də razıdı, deməli, onunla müqavilənin uzadılmasında da qəribə heç nə yoxdu. Görülən işlər yarımçıq qalmamalıdı. “Turan Tovuz” təkcə Azərbaycan səviyyəsində yox, avrokuboklarda da özünü göstərməyi bacarmalı, ardıcıl qələbələr qazanmaq gücündə olmalıdı. Berdıyev bütün bu hədəflərin öhdəsindən gələ biləcək gücdədisə, elə onunla da uzun müddətə müqavilə bağlanmalıdı. Onsuz da tez-tez məşqçi dəyişiklikləri heç bir komandaya xeyir vermir.

Amma Azərbaycan Berdıyevi istefaya, daha doğrusu, təqaüdə göndərməyə çalışanlar da var. Nə qədər qəribə olsa da, bu həvəsə düşənlər Tovuzda deyil, Bakıdadı. Bugünlərdə sabiq FİFA referisi Fariz Yusifovun müsahibəsini oxuyanda bu qənaətə gəldim. Fariz bəyə böyük hörmətim var, amma etiraf edirəm ki, ondan belə bir açıqlama gözləməzdim. Həmkarım Yusifova Berdiyevin “hakimlik barədə danışmaqdan yorulmuşam” sözlərini xatırladıb. Fariz bəyin cavabı belə olub: “Hörmətli Berdıyev hakimlik baradə danışmaqdan yorulubsa, qoy təqaüdə çıxsın”.

Yaşlı bir mütəxəssisə onun yaşının təqaüdə getməyə imkan verdiyinə işarə vermək o qədər də etik görünmür. Həm də bu gün Azərbaycanda hakimlərin səhvlərindən danışmaqdan yorulan təkcə “Turan Tovuz”un baş məşqçisi deyil. Jurnalistlər yazır, mütəxəssislər müzakirə, məşqçilər və futbolçular narazılıq edir. Az qala hər turdan sonra bir klubun fəryadı göylərə yüksəlir. Misal üçün, “Sabah”ın fransalı müdafiəçisi Stiv Solvet də son turda hakimlərin idarəçiliyindən narazı qalıb. Onu da təqaüdə göndərək? Yəni ki, belə açıqlamalar çıxış yolu deyil. Problemlərin kökünü tapmaq, hakim səhvini minimuma endirmək lazımdı. Berdıyevlə bağlı məsələ isə “Turan Tovuz”un daxili işidi.

AMAL

Chosen
55
1
football-plus.az

2Sources