EN

ABŞ Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib - YENİLƏNİB

ABŞ rəsmiləri bazar ertəsi BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim ediblər.

APA-nın “Axios” portalına istinadən verdiyi xəbərə görə, bu qüvvələr azı iki il müddətinə bölgədə fəaliyyət göstərəcək və mandat 2027-ci ilin sonuna qədər uzadıla biləcək.

Məlumata görə, sənəd “məxfi, lakin təsnifləşdirilməmiş” statusu ilə qeyd olunub və ABŞ-a, eləcə də digər iştirakçı ölkələrə Qəzzada təhlükəsizliyin təmin olunması və idarəçiliyin həyata keçirilməsi üçün geniş səlahiyyətlər verir. Vaşinqton administrasiyası qətnamənin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacağını, səsvermənin isə qarşıdakı həftələrdə keçirilməsinin planlaşdırıldığını bildirib. Məqsəd yanvar ayına qədər ilk beynəlxalq qüvvələrin Qəzzaya yerləşdirilməsidir.

ABŞ rəsmiləri vurğulayıblar ki, yaradılacaq Beynəlxalq Təhlükəsizlik Qüvvəsi (ISF) “sülhməramlı deyil, icraedici qüvvə” olacaq. Qüvvələr bir neçə ölkənin hərbçilərindən formalaşacaq və Prezident Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək “Sülh Şurası” ilə məsləhətləşmələr əsasında yaradılacaq. Sülh Şurasının da azı 2027-ci ilin sonuna qədər fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

Layihə sənədinə əsasən, ISF Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki vətəndaşları və humanitar dəhlizləri qoruyacaq, həmçinin yeni fələstinli polis qüvvəsini hazırlayacaq. Bu polis qüvvəsi ilə beynəlxalq kontingent birgə fəaliyyət göstərəcək.

Sənəddə qeyd olunur ki, ISF Qəzzada sabit təhlükəsizlik mühiti yaratmaq məqsədilə anklavın demilitarizasiyası prosesini həyata keçirməli, hərbi, terror və hücum infrastrukturlarını məhv etməli və onların yenidən qurulmasının qarşısını almalıdır. Həmçinin qeyri-dövlət silahlı qruplarının silahlarının müsadirə edilməsi də mandatın tərkib hissəsidir. Bu, əgər Həmas könüllü şəkildə silahı yerə qoymasa, onun məcburi silahsızlaşdırılmasını da nəzərdə tutur.

ABŞ rəsmiləri bildiriblər ki, layihə həmçinin Qəzzada keçid dövründə təhlükəsizliyi təmin etməyi, İsrailin mərhələli şəkildə ərazidən çıxmasını və Fələstin Administrasiyasının islahatlar apararaq gələcəkdə Qəzzanı idarə edə bilməsini hədəfləyir.

Qeyd edək ki, Azərbaycan, İndoneziya, Misir və Türkiyə kimi ölkələr beynəlxalq missiyaya hərbçi göndərməyə hazır olduqlarını bildiriblər. ABŞ artıq Azərbaycana da müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulan beynəlxalq missiyaya qoşulmasını xahiş edib.

***

03:23

ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasının bir sıra üzv ölkələrinə Qəzza zolağında beynəlxalq qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan qətnamə layihəsini təqdim ediblər.

APA xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, layihə beynəlxalq qüvvələrin ən azı iki il müddətinə Qəzzada fəaliyyət göstərməsini və 2027-ci ilin sonuna qədər ABŞ-la yanaşı digər iştirakçı ölkələrə təhlükəsizliyin təmin edilməsi və idarəetmə sahəsində geniş səlahiyyətlər verilməsini nəzərdə tutur.

Qətnamənin müddətinin uzadılması imkanı da sənəddə öz əksini tapıb.

Chosen
24
3
apa.az

4Sources