EN

Qanunsuz sahibkarlıqla məşğul olan iş adamı ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə qanunsuz sahibkarlıqda və vergi ödəməkdən yayınmada təqsirləndirilən Qiyas Əsədovun (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilib, Xətai Rayon Məhkəməsinin hökmü ləğv olunub və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.


İttihama görə, Qiyas Əsədov Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6 G ünvanında bina tikintisi fəaliyyəti ilə məşğul olub. O, bununla bağlı vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatları öz adına rəsmiləşdirib. Lakin təqsirləndirilən şəxs şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 218-221-ci maddələrinin tələblərini pozmaqla, fiziki şəxs kimi qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, ümumilikdə, 567 855,90 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.


Həmçinin Qiyas Əsədov Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6 G ünvanında 1 girişli 11 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirib və nəticədə şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 2017-ci il ərzində ümumilikdə, 1 774 496 manat məbləğində qanunsuz gəlir əldə edib.


Xətai Rayon Məhkəməsinin hökmü ilə o, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdi. Qiyas Əsədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdı. 

Kamal Məmmədov 

Tarix: 4 Noyabr 2025, 08:06   
Chosen
34
pravda.az

1Sources