EN

ABŞ qitələrarası raketin sınağını keçirəcək

ABŞ Müdafiə Nazirliyi Minuteman III tipli qitələrarası ballistik raketin (QBR) buraxılışına hazırlaşır.

Musavat.com xəbər verir ki, Newsweek nəşrinin məlumatına görə, bu, ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək niyyətini açıqlamasından sonra keçiriləcək ilk raket sınağı olacaq.

Buraxılış noyabrın 5-i və ya 6-da Kaliforniya ştatındakı Vandenberq bazasından planlaşdırılır. Raketin nüvə başlığı daşımayacağı, Sakit okean üzərindən uçaraq Marşall adalarındakı Kvajalein atolu üzərində yerləşən raketdən müdafiə poliqonuna çatacağı bildirilib.

36 ton çəkisi olan Minuteman III raketi ABŞ ordusunun arsenalına 1970-ci ildə daxil edilib. Hazırda ABŞ-da təxminən 400 belə raket xidmətdədir və onlar mütəmadi olaraq modernləşdirilir.

Pentaqonun məlumatına görə, bu cür buraxılışlar ildə bir neçə dəfə həyata keçirilir və “xarici siyasi amillərlə bağlı deyil”. Son analoji sınaq bu ilin mayında, ötən il isə iki dəfə keçirilib.

Qeyd edək ki, son həftələrdə Rusiya da bir sıra nüvə sınaqları həyata keçirib. Moskva “Burevestnik”, “Yars” və “Sineva” raketlərini, həmçinin “Poseydon” adlı pilotsuz sualtı aparatını sınaqdan keçirib.

Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edərək bildirib ki, əgər ABŞ nüvə sınaqlarına dair mövcud moratoriumu pozarsa, Moskva vəziyyətə uyğun cavab verəcək. 

 

Musavat.com

Chosen
44
23
musavat.com

10Sources