Noyabr ayında BMT Təhlükəsizlik Şurasına Syerra-Leone rəhbərlik edəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə ölkənin BMT-dəki daimi nümayəndəsi və Şuranın noyabr ayı üzrə sədri səfir Maykl İmran Kanu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, ay ərzində Şura bir sıra mühüm məsələləri müzakirə edəcək. Noyabrın 17-də münaqişələr və ərzaq təhlükəsizliyi mövzusunda yüksək səviyyəli debat keçiriləcək. Tədbirdə Syerra-Leonenin Prezidenti Culius Maada Bio və beynəlxalq təşkilatların yüksək rəsmiləri iştirak edəcəklər.
Ay ərzində Qərbi Afrikada sülhün möhkəmləndirilməsi və terrorla mübarizə ilə bağlı brifinq planlaşdırılır. Həmçinin, Syerra-Leone və Qayana beynəlxalq sülh və təhlükəsizlik sahəsində yeni qətnamə layihəsi təqdim etməyi nəzərdə tutur. Bununla yanaşı, Şura Sudan, Yəmən, Suriya, Liviya və Yaxın Şərq üzrə vəziyyəti də müzakirə edəcək.
Kanu qeyd edib ki, TŞ-də ay ərzində BMT-nin yeni Baş katibinin seçilməsi ilə bağlı ilkin müzakirələr aparılacaq və bununla bağlı TŞ və Baş Assambleya rəhbərlərinin birgə məktubunun ilin sonunadək göndərilməsi gözlənilir.
Səfir vurğulayıb ki, Syerra-Leone ay ərzində Ukrayna ilə bağlı görüş planlaşdırmır: "Biz Ukraynada dərhal atəşkəsin əldə olunmasını və ölkənin suverenliyinə hörmət edilməsini dəstəkləyirik".