Kiyev, 3 noyabr, AZƏRTAC
Ukraynanın müdafiəçiləri Dobropolsk istiqamətində əks-hücum əməliyyatını davam etdirirlər. Hücum bölmələri müəyyən uğurlar əldə edib.
Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin “Telegram” kanalındakı paylaşımına istinadla xəbər verir.
General bildirib ki, hazırda Silahlı Qüvvələrin hava desant hücum qüvvələrinin 7-ci çevik hücum korpusu məsuliyyət zonasında fəaliyyətini davam etdirir və artıq cəbhə xəttində vəziyyət və müdafiəçilərin ehtiyacları barədə yerli komandirlərin hesabatlarını dinləyib. Əsas müzakirə mövzuları logistikanın təhlükəsizliyi, hücum bölmələrinin fəaliyyəti və Rusiya ordusunun şəhər ərazisindən sıxışdırılması olub.
“Dobropolsk ərazisində təzyiqi artırırıq. Ərazilərin azad edilməsi və təmizlənməsi əməliyyatını davam etdiririk. Bu əməliyyatımız Rusiyanın ordu qüvvələrini parçalamağa yönəlib və onun əsas qüvvələrinin Pokrovsk istiqamətində cəmləşdirməsini mümkünsüz edir”, – deyə general əlavə edib.
Sırskinin sözlərinə görə, ötən gün Ukraynanın hücum bölmələri Dobropolskətrafı ərazidə bir sıra istiqamətlərdə irəliləyə bilib. Dobropolyeyə yaxın ərazilərdə aparılan əks-hücum əməliyyatı nəticəsində ümumilikdə 188 kvadrat kilometr ərazi azad edilib, 248,7 kvadrat kilometr ərazi isə təmizlənib.
A. Sırski həmçinin bildirib ki, döyüş əməliyyatları davam edir.
Xatırladaq ki, hazırda Rusiya ordusunun əsas diqqəti Pokrovsk istiqamətinə yönəlib. Moskva Pokrovsk şəhərini və yaxınlıqdakı yaşayış məntəqələrini mühasirəyə almağa çalışır. Hazırda Pokrovskun daxilində də döyüşlər gedir və Rusiya ordusunun bəzi bölmələri şəhərə daxil olmağa nail olub.
Kiyev