EN

Qərbi azərbaycanlıların da öz yurduna qayıtma haqqı var - DEPUTAT

“Bu gün hər birimizin amalımız böyük, bütöv Azərbaycanı qurmaq, inkişaf etdirmək və onu gələcək nəsillərə tarixən bizə məxsus olan şəkildə əmanət etməkdir”. 
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
media-0f31351d-1604-4c35-b1e7-9845b0480f57
O, Azərbaycanlıların öz dədə-baba yurdu olan Qərbi Azərbaycana dönüşünün mümkünlüyündən danışıb.
Deputat bildirib ki, Elmlər Akademiyasının 80 illik yubileyində çıxış edən Prezident İlham Əliyev bu yubileyin yalnız elmimizlə bağlı deyil, ümumilikdə Azərbaycanın bugünkü reallıqları, həyata keçirilən uğurlu siyasət və həmin siyasətin elmi əsaslarının yaradılması baxımından da böyük əhəmiyyət daşıdığını qeyd etdi:
“Prezident alimlərə müraciət edərək gələcək inkişafın elmi təməlini formalaşdırmaq istiqamətində fəal olmağı tövsiyə etdi.
Çıxışın mühüm hissələrindən biri də tarixi torpaqlarımıza qayıdışla bağlı idi. Prezident vurğuladı ki, azərbaycanlıların öz tarixi torpaqlarına – indiki Ermənistan ərazisinə – qayıtması erməni xalqını qorxutmamalıdır. “Biz ora tanklarla deyil, avtomobillərlə qayıdacağıq”, – deyə Prezident bildirdi.
Bu çox əhəmiyyətli mesajdır. Azərbaycan böyük Zəfərindən sonra genişmiqyaslı quruculuq və bərpa işləri ilə yanaşı gələcək hədəflərinə doğru da ardıcıl və prinsipial şəkildə irəliləyir. Azərbaycan tarixən ona məxsus olan, azərbaycanlıların doğulub, boya-başa çatdığı, yaşadığı ərazilərə qayıtmaq hüququna malikdir. Bu torpaqlarda əsrlər boyu bizim insanlarımız yaşayıb. Təəssüf ki, məkrli siyasət nəticəsində onlar bu torpaqlardan məcburi şəkildə çıxarılıb və ana Vətənə – Azərbaycana sığınıblar.
Həmin insanların hüquqları, azadlıqları, tarixi-etnik mənsubiyyəti tapdanıb. Bu gün Qarabağlılar necə ki, öz torpaqlarına qayıtmaq hüququnu əldə ediblərsə, Qərbi azərbaycanlılar da eyni şəkildə öz yurd-yuvalarına qayıtmaq hüququna malik olmalıdırlar. Prezident İlham Əliyevin də dediyi kimi, bu, mədəni qayıdışdır. Müharibə və silah yolu ilə deyil, sülh, dialoq və qarşılıqlı anlaşma yolu ilə bizə məxsus olanın sivil şəkildə geri qaytarılması layihəsidir”.
Deputat qeyd edib ki, Azərbaycan öz mövqeyini prinsipial şəkildə bəyan edir və həmin istiqamətdə bütün diplomatik və siyasi əlaqələrini möhkəmləndirir:
“Danışıqların, görüşlərin məqsədi də əldə olunan qələbəni daha geniş miqyasda möhkəmləndirməkdir. Buradan səslənən fikirlər həm alimlərimizin, həm ziyalılarımızın, həm də media nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur.
Bu gün hər birimizin amalımız böyük, bütöv Azərbaycanı qurmaq, inkişaf etdirmək və onu gələcək nəsillərə tarixən bizə məxsus olan şəkildə əmanət etməkdir. Prezidentimizin bu çağırışı bizə yeni nailiyyətlər, yeni zəfərlər üçün stimul verir, hər birimizdə böyük qürur hissi oyadır və bir daha azərbaycanlı olmağımızla fəxr etməyə əsas yaradır”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli
Chosen
49
yenicag.az

1Sources